Afrika ölkələri ilə əməkdaşlığın gücləndirilməsi istiqamətində sistemli iş aparılır – XİN

Afrika ölkələri ilə təmaslarımızın səviyyəsi və intensivliyi
artır. Mövcud əməkdaşlığın gücləndirilməsi və şaxələndirilməsi
istiqamətində sistemli iş aparılır.

Xarici İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, bunu
Afrika Gününə həsr olunmuş konfrans Qoşulmama Hərəkatının
təkamülündə Afrika qitəsinin irsi Azərbaycan Respublikasının Xarici
İşlər naziri cənab Ceyhun Bayramov açılış nitqində deyib.

C.Bayramov bildirib:

“Mən hamınızı Afrika Gününə həsr olunmuş “Qoşulmama Hərəkatının
təkamülündə Afrika qitəsinin irsi” mövzusunda Konfransda
salamlamaqdan şərəf duyuram.

Məlum olduğu kimi, 25 May – Afrika Birliyi Təşkilatının
yarandığı gün bütün dünyada Afrika Günü kimi qeyd olunur. Bu gün,
Afrika qitəsində əldə edilən tərəqqi və Afrika İttifaqının sülh və
təhlükəsizliyin, iqtisadi inkişafın və qlobal əməkdaşlığın
təşviqində oynadığı rolu tanımaq üçün bir fürsətdir.

Azərbaycanın Afrika ölkələri ilə əməkdaşlığı ənənəvi şəkildə
tədricən artan xətlə inkişaf edir, miqyası daha da genişlənir və
yeni müstəviləri əhatə edir. Afrika ölkələri ilə təmaslarımızın
səviyyəsi və intensivliyi artır. Mövcud əməkdaşlığın
gücləndirilməsi və şaxələndirilməsi istiqamətində sistemli iş
aparılır.

2011-ci ildə Azərbaycan Respublikası Afrika İttifaqı yanında
müşahidəçi statusu alıb. 2014-cü ildə Azərbaycan Respublikasının
Efiopiya Federativ Demokratik Respublikasındakı səfiri Azərbaycan
Respublikasının Afrika İttifaqı yanında Daimi Nümayəndəsi təyin
edilib.

Mən, Qoşulmama Hərəkatına sədrliyimiz dövründə Afrika ilə
münasibətlərimizin yeni təkan aldığını müşahidə etməkdən
məmnunam.

Qoşulmama Hərəkatının üzvlərinin təxminən 45 faizini təşkil edən
Afrika ölkələri yarandığı gündən bu Hərəkatın bayraqdarları olub.
Onlar Hərəkatın dəyərlərinin və təməl prinsiplərinin təbliği ilə
fəal məşğul olublar. Öz növbəsində Qoşulmama Hərəkatı, Afrika
dövlətlərinin müstəmləkəçilikdən azad olunma prosesini
dəstəkləməkdə mühüm rol oynamışdır.

Qoşulmama Hərəkatının beş təsisçi şəxsindən ikisi, misirli Camal
Abdel Nasser və qanalı Kvame Nkrumah Afrikadan idi. Bir dövlət
istisna olmaqla, bütün Afrika dövlətləri hazırda Qoşulmama
Hərəkatının üzvüdür. Bu, Hərəkat daxilində ən geniş kontinental
nümayəndəlikdir.

Qoşulmama Hərəkatının Zirvə görüşləri və nazirlər görüşlərinin
nəticəsində qəbul edilən sənədlərinin ən böyük hissələri Afrika
qitəsindəki problemlərə həsr edilmişdir. Bu günə qədər Qoşulmama
Hərəkatının Sammitlərinin, eləcə də Hərəkatın digər toplantılarının
demək olar ki, yarısı Afrika dövlətləri tərəfindən keçirilib.

Bütün bu faktlar həm Afrika dövlətlərinin Qoşulmama Hərəkatına
verdikləri böyük əhəmiyyətin, həm də Afrika qitəsinin Hərəkatın
təkamülündə oynadığı mühüm rolun göstəricisidir.

Hərəkatın hazırkı sədri kimi Azərbaycan Respublikası Afrika
qitəsini fəaliyyət dövründə diqqət mərkəzində saxlanılması üçün
prioritet regionlarından biri kimi müəyyən etmişdir. Azərbaycan
Respublikasının Qoşulmama Hərəkatına sədrliyi təhvil alması
Covid-19 pandemiyası dövrünə təsadüf etdiyindən, Azərbaycan həm
Qoşulmama Hərəkatının sədri, həm də milli qisimdə pandemiyanın
inkişaf etməkdə olan dövlətlər, xüsusilə də Afrika dövlətləri
üzərində təsirini minimuma endirməyə yönəlmiş qlobal təşəbbüsləri
təşviq etmək üçün səylərini əsrigəməmişdir.

Böhran vəziyyətlərinin Afrika xalqlarına təsirini minimuma
endirmək üçün Azərbaycan öz milli imkanları çərçivəsində Afrika
ölkələrinə, o cümlədən Azərbaycan Beynəlxalq İnkişaf Agentliyi
vasitəsilə əhəmiyyətli miqdarda maliyyə və humanitar yardım
göstərmişdir. Azərbaycan Afrikada təhsilin inkişafına da töhfə
vermiş, qızların təhsili sahəsində YUNESKO ilə birgə layihələr
həyata keçirmişdir.

Xanımlar və cənablar,

Böyük potensiala malik olan Afrika ümid və vəd qitəsidir.
Dünyanın ən gənc əhalisi olan bu qitədən dünyanın qazanacağı çox
şey var. Burada Qoşulmama Hərəkatında biz bu geniş potensialı qəbul
edirik və qiymətləndiririk.

Bu anlayışdan çıxış edərək və dünya gənclərinin 90 faizinin
inkişaf etməkdə olan ölkələrdə yaşadığını nəzərə alaraq, 2021-ci
ilin oktyabrında Azərbaycanın sədrliyi çərçivəsində Qoşulmama
Hərəkatının Gənclər Şəbəkəsi yaradılıb və burada Afrika
ölkələrindən olan gənclər təşkilatları və nümayəndələr də var.
Azərbaycan hökumətinin verdiyi təqaüdlə Azərbaycanda təhsil
alanların bəziləri bu gün bizimlə bu konfransda iştirak edirlər.
Onlardan biri hətta Afrika gənclərinin qitənin gələcəyi ilə bağlı
fikirlərini bölüşən panelist olacaq.

Əziz dostlar,

Mövcud olduğu 60 il ərzində Qoşulmama Hərəkatı ölkələri
ideoloji, siyasi, iqtisadi, sosial və mədəni müxtəlifliyə
baxmayaraq, fikir ayrılıqlarını aradan qaldırmaq bacarığını nümayiş
etdirmiş və qarşılıqlı əməkdaşlığa və ortaq dəyərlərin qorunmasına
gətirib çıxaran ümumi fəaliyyət zəminini tapmışlar. Afrika
ölkələrinin töhfəsi, şübhəsiz ki, onilliklər ərzində Qoşulmama
Hərəkatına tab gətirməkdə əvəzsiz olmuşdur və ümid edirəm ki,
bugünkü konfrans bu barədə düşünmək üçün əla fürsət olacaqdır.
Müxtəlif mənşəli məruzəçilərin iştirak etdiyi panellərin tərkibi
qlobal sülhün və inkişafın təmin edilməsində Afrika qitəsinin
tarixi, bu günü və gələcək rolu haqqında məhsuldar müzakirələr
aparmaq üçün olduqca ümidvericidir.

Dünyanın böyük dəyişikliklərə və inkişaflara məruz qaldığı bir
vaxtda, humanizm və universalizm kimi fundamental prinsiplərə
bağlılıq öhdəliyimizi bir daha nümayiş etdirmək vacib əhəmiyyət
kəsb edir. Azərbaycan Qoşulmama Hərəkatına Sədrliyi dövründə və
ondan sonrakı dövrdə çoxtərəfli diplomatiyanı inkişaf etdirmək və
Qoşulmama Hərəkatının üzvləri arasında əməkdaşlıq, dostluq və
həmrəyliyi gücləndirmək üçün üzv dövlətlərlə, o cümlədən Afrika
qitəsindəki dövlətlərlə işləmək üçün səylərini əsirgəməyəcək.

Sonda, bu mühüm konfransın təşkilində bizimlə çiyin-çiyinə
dayandığına görə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinə öz
dərin minnətdarlığımı bildirmək istəyirəm. Mən, həmçinin bu tədbiri
həqiqətən tarixi bir hadisəyə çevirəcək dəyərli töhfələrinə görə
bütün panel iştirakçılarına əvvəlcədən təşəkkür etmək istəyirəm.
Əlbəttə ki, bütün iştirakçılara burada həm şəxsən, həm də onlayn
olaraq bizimlə olduqları üçün təşəkkür edirəm. Sizə uğurlu
müzakirələr arzulayıram.

Təşəkkür edirəm”.

Teqlər: