Mayın 10-da Azərbaycan Dillər Universitetində Ulu öndər Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümü ilə bağlı tədbir
keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Azərbaycan Dillər Universitetinin
foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri
düzüb, xatirəsini ehtiramla anıblar.
ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını
salamlayıb, Ulu öndərin həyat yolundan danışıb. Bildirilib ki,
Heydər Əliyev tarixi şəxsiyyət kimi Azərbaycan xalqının qəlbində
daima yaşayacaqdır:
“Böyük qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində
formalaşmış Azərbaycan dövləti özünün yeni, müasir inkişaf dövrünü
yaşayır. Hər birimiz Heydər Əliyevin dövlətçilik amallarına sadiq
qalaraq Ulu öndərin yüksək ideyalarını yaşatmaq və inkişaf
etdirmək, Azərbaycan tarixinin yeni şanlı səhifələrini yazmaq
naminə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx
birləşərək, əlimizdən gələni əsirgəməməli, dövlət başçısının yüksək
etimadına uyğun olaraq ölkəmizin hərtərəfli tərəqqisi üçün öz
vəzifələrimizi layiqincə yerinə yetirməli və daha əzmkarlıqla
çalışmalıyıq.”
Qeyd olunub ki, Ulu öndər bütün həyatını Azərbaycan xalqına və
onun müstəqilliyinə həsr edib. Heydər Əliyevin misilsiz xidmətləri
bu gün Azərbaycanı möhkəm və qüdrətli bir dövlətə çevirib:
“Şübhəsiz ki, Heydər Əliyev dühasını, onun xalqımız qarşısında
xidmətlərini sonadək öyrənmək qeyri-mümkündür. Ulu öndərimizin
böyüklüyü, onun xalqımızın rifahı naminə həyata keçirdiyi mühüm
tədbirlərin mahiyyətini tam dərk etmək üçün böyük zaman tələb
olunur. Zaman keçdikcə isə bu dahi insanın adı Azərbaycan xalqının
simvoluna, əməlləri isə hünər rəmzinə çevrilir.”
Akademik Kamal Abdulla Ulu öndərlə olan görüşlərdən söz açıb.
Rektor bildirib ki, Heydər Əliyevlə görüşmək şərəfinə nail olduğu
üçün özünü xoşbəxt hiss edir:
“Ulu öndər elə bir dahi şəxsiyyət idi ki, hər kəs onunla
ünsiyyət qurmaq, onu dinləmək istəyirdi. O, gənclərə xüsusi diqqət
göstərirdi və gənclərə böyük inamı vardı. Yadımdadı, bir dəfə
tələbələrlə görüş zamanı üzünü bizə, rektorlara tutub dedi: “Bu
gənclər mənim sizə əmanətimdir!” Bu sözləri uzun illərdi
xatırlayıram və heç vaxt unuda bilmərəm”
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov tədbirin
keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirilib ki, hələ
sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyət
Heydər Əliyev haqqında dünyanın məşhur simalarının necə
heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik:
“Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu
öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi ümummilli
lideri var. Və bu gün hər birimiz dərk edirik ki, müstəqil
Azərbaycan dövləti bütün həyatı və fəaliyyəti tariximizə qızıl
hərflərlə həkk olunmuş Heydər Əliyevin şah əsəridir. Şübhə yoxdur
ki, xalqımız onun müəllifini özünün tarixində və qəlbində əbədi
yaşadacaq, Azərbaycan və Heydər Əliyevin adı əsrlər boyu bütün
dünyada qoşa səslənəcəkdir.”
Professor Vaqif Şadlinski dahi şəxsiyyət haqqında ürək sözlərini
bölüşüb. Qeyd olunub ki, Azərbaycan xalqı Ulu öndərin siyasi
kursunu davam etdirməklə möhtərəm Prezidentimiz cənab İlham
Əliyevin rəhbərliyi ilə bundan sonra da öz tarixinin yeni, şanlı
səhifələrini yazacaq, daha yüksək zirvələr fəth edəcəkdir.
ADU-nun magistrantı İlahə Həsənzadə “Ulu öndər Heydər Əliyevin
gənclər siyasəti” mövzusunda çıxış edib. Ulu öndərin gənclərə olan
qayğısından və diqqətindən söhbət açılıb. Bildirilib ki, Heydər
Əliyev daima gənclərin bilik və bacarıqlarının artırılması, sağlam
gələcəyin qurulması naminə böyük işlərin həyata keçirilməsi üçün
bütün gücünü səfərbər etmişdi:
“Ümummilli lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri də
onun gələcəyimizə – Azərbaycan gəncliyinə verdiyi töhfələrdir. Ulu
öndərin zəngin və möhtəşəm dövlətçilik fəaliyyətində gənclər
siyasəti hər zaman xüsusi yer tutub. Azərbaycan gənclərinin
günümüzün müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi
formalaşmasında Ulu öndərin böyük, əvəzedilməz xidmətləri
olub.”
Tədbir tələbələrin hazırladıqları bədii hissə ilə davam
edib.