ADU-da ilkə imza atılıb – qədim sanskrit dilinin tədrisinə başlanılıb (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) Sanskrit dilinin
tədrisinə başlanılmasına həsr olunan mətbuat konfransı
keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla tədbir iştirakçılarını
salamlayıb, onları universitetdə görməkdə məmnun olduğunu deyib.
Rektor bildirib ki, sanskrit dilinin tədrisi Azərbaycan filoloji və
humanitar elmi üçün son dərəcə vacib bir məsələdir: “Azərbaycan
filoloji elmi bir çox istiqamətlərdə uğurla fəaliyyət göstərir,
müxtəlif universitetlərdə, elmi-tədqiqat institutlarında öyrənilir.
Qeyd etmək lazımdır ki, bütün bu uğurların müqabilində həm
humanitar, həm də filoloji elmin öyrənilməsi istiqamətində klassik
dillərin araşdırılması baxımından müəyyən qədər boşluqlar vardır.
Klassik dillərin öyrənilməsinin çox böyük əhəmiyyəti var. Bu həm
elmi, həm də praktik anlamda önəmlidir.”

Sanskrit dilinin öyrənilməsinin zəruriliyindən danışan rektor
bir sıra məsələlərə aydınlıq gətirib: “Sanskrit dilinin öyrənilməsi
təkcə bizim universitet üçün önəmli deyil, bu dilin tədrisi digər
universitetlər üçün də əhəmiyyət daşıyır. Həmçinin dünya
mədəniyyəti ilə tanışlıq, müasir elmi araşdırma metodlarının
öyrənilməsi yönündə sanskrit dilinin tədqiqi ön plana keçir.
Sanskrit dilini öyrənən tədqiqatçı həm öz ixtisasını daha dərindən
mənimsəyəcək, həm də araşdırdığı elmi problemi daha tez başa
düşməyi üçün əlavə üstünlük qazanmış olacaq. Bir neçə il öncə Milli
Elmlər Akademiyasında qədim dillərlə bağlı çox vacib işlərə ilk
addımlar atıldı və bu gün artıq əminliklə söyləmək olar ki,
Azərbaycan Dillər Universiteti atılan addımların bariz nümunəsi
kimi uğurla bu işi öz üzərinə götürüb. Bu istiqamətdə bizə həm
tələbələr, həm müəllimlər, həm də bu dillə maraqlanan digər
universitetlərin əməkdaşları yaxından kömək etmək imkanına
sahibdirlər.”

Sanskrit dilinin tədrisi ilə məşğul olan macarıstanlı professor
Anna Piko jurnalistlərin suallarını cavablandırıb. Qeyd olunub ki,
sanskrit dili dünyanın ən qədim dillərindən biridir. Bu dilə
hal-hazırda böyük maraq vardır. Dünyanın bir sıra ölkələrində –
İngiltərədə, Almaniyada, Macarıstanda bu dilin tədrisi ilə bağlı
mühüm addımlar atılmaqdadır.

Sanskrit dilinin tədris olunmasına tələbələrin xüsusi marağından
danışan Anna Piko Azərbaycan Dillər Universitetinin rəhbərliyinə,
kollektivə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Sanskrit
dilinin gələcək fəaliyyət istiqamətlərindən danışan pedaqoq
Azərbaycan filoloji elminin inkişafında məhz sanskrit dilinin
əhəmiyyətini xüsusi olaraq vurğulayıb.

Mətbuat konfransında ADU-nun Tədris məsələləri üzrə prorektoru,
professor Sevinc Zeynalova sanskrit dilinin tədrisi ilə bağlı
sualları cavablandırıb.

Teqlər: