ADU-da “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” adlı beynəlxaq konfrans təşkil olunub (FOTO)

Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş “Heydər
Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” V Beynəlxalq
elmi konfrans keçirilib. Konfransda Rumıniya, Əlcəzair, Qazaxıstan
və başqa ölkələrdən məruzəçilər iştirak edib.

ADU-nun rektoru, akademik Kamal Abdulla Ümummilli lider Heydər
Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş beynəlxalq
elmi konfransın keçirilməsinin əhəmiyyətini yüksək qiymətləndirib,
artıq ənənə şəklini alan tədbirin müxtəlif dünya universitetlərində
maraqla qarşılandığını diqqətə çatdırıb.

Rektor bildirib ki, bu gün Azərbaycanda gedən multikulturalizm
dövlət siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub.
Multikulturalizmin dövlət səviyyəsində həyatımıza, cəmiyyətimizə
tətbiqi Ulu öndərin qəbul etdiyi qərarlardan başlayır: “Bu siyasəti
Prezident İlham Əliyev çox böyük uğurla və ləyaqətlə davam etdirir.
Bildiyiniz kimi 2014-cü ildə multikulturalizm ideologiyası öz
əksini dövlət xidməti şəklində tapdı. Daha sonra Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzi yaradıldı. Bu mərkəz vasitəsi ilə dövlət
başçısının fikirlərinin, siyasi iradəsinin təqdim edilməsinə
başlanıldı. ABŞ-da, Avropada, yaxın və uzaq ölkələrdəki
universitetlərdə “Azərbaycan multikulturalizmi” fənni tədris
olunmağa başlandı”.

Akademik Kamal Abdulla əlavə edib ki, mərkəzin yaradılmasının
əsas məqsədi ölkəmizdə əsrlər boyu formalaşmış tolerantlığın,
etnik-mədəni, dini müxtəlifliyin qorunmasını və çiçəklənməsini
təmin etmək, habelə Azərbaycanı dünyada multikulturalizm mərkəzi
kimi tanıtmaq və mövcud multikultural modellərini tədqiq və təşviq
etməkdir. Bu gün Azərbaycanda multikulturalizm sahəsində bir-birini
tamamlayan, sistemli xarakter daşıyan siyasi iradə və onun
gerçəkləşməsi proqramı uğurla həyata keçirilir.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru, professor
Novruz Məmmədov konfransın elmi və siyasi əhəmiyyətindən danışıb,
universitetdə multikulturalizm istiqamətində aparılan davamlı
işlərdən, elmi əlaqələrin gücləndirilməsindən danışıb.

Universitetin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə
prorektoru, millət vəkili Tamam Cəfərova bildirib ki, Ulu Öndər
Heydər Əliyev Azərbaycanda bir çox sahələrdə olduğu kimi
multikulturalizmin də banisi sayılır. Belə ki, Azərbaycan dünyada
yalnız neft və qaz ölkəsi kimi deyil, daha çox multikultural
dəyərlərin inkişaf etdiyi ölkə kimi tanınır: “Bu gün
multikulturalizmin Azərbaycan modeli ölkəmizin beynəlxalq arenada
brendinə çevrilib. Multikulturalizm Azərbaycanda dövlət
siyasətidir, həyat tərzidir. Dinindən, dilindən, etnik
mənsubiyyətindən asılı olmayaraq, hər bir azərbaycanlı dövlətimizin
ərazi bütövlüyü uğrunda müharibədə canlarını qurban verdilər. Bu
fakt dediklərimizin bir daha əyani təsdiqidir. Azərbaycan dövləti
inkişaf edir, yüksəlişin nümunələrini yaradır”.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru
Rəvan Həsənov konfransın işinə uğurlar arzulayıb, onun
keçirilməsinin siyasi və mənəvi əhəmiyyətini yüksək dəyərləndirib.
R. Həsənov bildirib ki, Azərbaycan öz multikultural və tolerant
yaşam tərzi ilə dünyaya nümunədir. Azərbaycan dövlətinin həyata
keçirdiyi tolerantlıq siyasəti ölkəmizdə yaşayan etnik və dini
icmalar arasında dostluğun və qardaşlığın daha da möhkəmlənməsinə
zəmin yaradır. Bütün bunlar Ümummilli lider Heydər Əliyevin əsasını
qoyduğu siyasətin uğurlu davamının nəticəsidir.

Rumıniyanın Aleksandr İoan Kuza adına Universitetinin professoru
Lüdmila Bejenaru, Əlcazairin Mərkəzi Salhi Əhməd Universitetinin
professoru Kaid Nuraddin, AMEA-nın Tarix İnstitutunun təmsilçisi
Mais Əmrahov, Polis Akademiyasının ictimai elmlər kafedrasının
rəisi Rəhim Məcnunov, AMEA-nın Hüquq və İnsan Haqları İnstitutunun
əməkdaşı Moisey Bekker, Qazaxıstanın Kostanay Regional
Universitetinin dosenti Qaziz Şaymerden, ADPU-nun Ağacabədi
filialının dosenti Baxış Ələsgərov müxtəlif mövzular ətrafında
məruzə ilə çıxış ediblər.

Konfrans bölmə iclasları ilə davam edib.

Teqlər: