ADPU-nun Şəki filialında Region müəllimlərinin təhsil zirvəsi keçirilib (FOTO)

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki
filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 99 illiyi
münasibətilə keçirilən silsilə tədbirlər çərçivəsində mayın 5-də
“Region müəllimlərinin təhsil zirvəsi” adlı tədbir təşkil olunub.
ADPU, EYUDER Azərbaycan (Eğitim Yöneticileri ve Uzmanları Derneği)
və ADPU-nun Şəki filialının birgə təşkilatçılığı ilə filialın akt
zalında keçirilən tədbirdə Şəki Şəhər İcra Hakimiyyəti başçısının
müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, ali təhsil
ocağının professor-müəllim heyəti və tələbələri, həmçinin ölkənin
30-a yaxın şəhər və rayonundan olan təhsil işçiləri iştirak
ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni
səsləndirilib, sonra Vətənimizin azadlığı, suverenliyi və ərazi
bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir
dəqiqəlik sükutla yad edilib.

Filialın tədris işləri üzrə direktor müavini, dosent Gülarə
Abdullayeva tədbiri açaraq, bu günlərdə ulu öndər H.Əliyevin anadan
olmasının 99 illiyi ilə əlaqədar respublikamızın hər yerində, bütün
Türk dünyasında müxtəlif tədbirlərin, konfrans, simpozium və elmi
seminarların keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, “Region
müəllimlərinin təhsil zirvəsi” də filialda ulu öndərin xatirəsinə
həsr olunan silsilə tədbirlərin davamıdır.

Şəki ŞİH başçısının müavini, t.ü.f.d Z.Cavadova çıxış edərək,
ümummilli lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi, inkisafı
yolunda göstərdiyi misilsiz tarixi xidmətlərdən danışıb, elm və
təhsilimizin inkişafına diqqət və qayğısından söhbət açıb.

EYUDER Azərbaycan təmsilçisi f.ü.f.d. Gülnura Babaşova öz
çıxışında qurumun fəaliyyəti, həyata keçirdiyi tədbirlər,
layihələrdən bəhs edib, tədbirin məqsəd və vəzifələri barədə
iştirakçıları məlumatlandırıb.

Tədbirdə filialın Təbiət fənləri və onların tədrisi
texnologiyası kafedrasının müdiri professor Firədun İbrahimov,
ADPU-nun Təlim-Tədris Mərkəzinin rəhbəri p.ü.f.d. Xalidə Həmidova
çıxış edərək, təhsil sahəsində qazanılan uğurlar və mövcud
problemlər barədə danışıblar.

Tədbir Şəki şəhərinin incəsənət nümayəndələri, filialın
tələbələri və məktəblilərin təqdim etdiyi konsert proqramı ilə
davam edib.

Açılış tədbirindən sonra iştirakçılar üçün “ERASMUS”, “Sabahın
alimləri” respublika müsabiqəsində xüsusi istedada malik
şagirdlərin yaradıcılıq qabiliyyətinin üzə çıxarılması”, “Qrant
layihələrin müsabiqəyə təqdim olunması və icra edilməsi”,
“eTwinning layihələrinin məktəblərdə tətbiqi və səmərəsi”, “İngilis
dili dərslərinin qeyri-standart təşkili”, “Məktəbəqədər təhsildə
layihə əsaslı öyrənmə”, “İnklüziv təhsillə gələcəyə doğru”, “Yeni
metodologiyalar əsasında öyrənmə – STEAM dərsləri” mövzularında
təlimlər keçirilib.

Təlimlər başa çatdıqdan sonra iştirakçilara sertifikat təqdim
olunub.

Teqlər: