ADA Universitetində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları üçün üçhəftəlik seminar keçirilir (FOTO)

Aprelin 21-i ADA Universitetində İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin əməkdaşları üçün “Potensialın gücləndirilməsi”
Proqramı çərçivəsində təşkil edilən üçhəftəlik seminar silsiləsinin
Açılış mərasimi baş tutub.

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və
Diplomatiya İnstitutunun İxtisasartırma Proqramları tərəfindən
keçirilən Proqramda 20 nəfər iştirak edir.

Açılış mərasimində İnkişaf və Diplomatiya İnstitutunun direktoru
Fariz İsmayılzadə, direktor müavini Aygün Hacıyeva, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyəti Sədrinin müavini
Nigar Bayramova, TƏBİB İdarə Heyətinin sədri vəzifəsini icra edən
Vüqar Qurbanov, Agentliyin İnsan resurslarının idarəedilməsi və
inkişafı departamentinin rəhbəri Müşfiq Əmircanov çıxış
ediblər.

Çıxış zamanı qeyd edilib ki, sözügedən Proqram vasitəsilə
İnkişaf və Diplomatiya İnstitutu ilə Agentlik arasında əməkdaşlıq
daha da genişlənir. Qeyd edilib ki, seminarlarda iştirak edən
əməkdaşlar öyrəndiklərini, əldə etdikləri təcrübəni Agentliyin
digər əməkdaşları ilə də bölüşəcək, onların da peşəkar inkişafına
fayda verəcəklər.

Proqramın ilk həftəsində komandaların idarə edilməsi və
motivasiya, səmərəli ünsiyyət, danışıq, liderlik bacarıqları və
strateji planlama mövzularında seminarlar keçiriləcək.

Proqramın ikinci həftəsi isə nitq və təqdimat bacarıqları, eləcə
də böhran kommunikasiyası mövzularına həsr edilib.

Üçüncü həftə ərzində isə iştirakçılar iş mühitində
dəyişikliklərin, həmçinin biznes görüşlərin uğurla idarə edilməsi
və peşəkar əlaqələrin qurulması mövzularında seminarlarda iştirak
edəcəklər.

Mövzular ADA Universitetinin idarəetmə heyətinin nümayəndələri
və müəllim kollektivi, habelə yerli dövlət qurumlarını, ölkəmizdə
fəaliyyət göstərən diplomatik korpus və beynəlxalq təşkilatları,
biznes sektorundakı iri şirkətləri təmsil edən qonaq çıxışçılar
tərəfindən tədris ediləcək.

Teqlər: