Abşeronda şəhid ailələri və qazilər üçün Novruz şənliyi keçirilib (FOTO)

Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon
bayram şənliyi keçirilib. Abşeron rayon İcra Hakimiyyətinin
təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan
şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev,
hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri,
YAP Aberon Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və
rayon ictimaiyyəti iştirak edib.

Dərdə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması,
xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların
əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən
Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif
Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda
alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda
Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə
Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın
birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.

Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları
bayram guşələrinə baxış keçirilmişdir.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif
oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və
xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları
ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin
maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm
sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin
iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli
qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını
şirniyyata qonaq etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra
Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və
qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir
ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd
olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində
qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında
olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla
nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə
ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin
olunmuşdur.

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda
da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının
göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu
vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir
anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
qayğısını hiss etməkdədirlər.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev,
Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül
Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay
Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev,
Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif
Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid
ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab
Prezident İlham Əliyevə minnətdarlıqları ifadə etmişlər.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin
kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.

Teqlər: