ABŞ səfirliyinin Hacıyevə üzrü günahından betər “cavabı”

ABŞ səfirliyinin Hacıyevə üzrü günahından betər “cavabı”

ABŞ-ın Azərbaycandakı səfirliyi Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevin ABŞ səfirliyinin Azərbaycan hökumətinin Şuşaya getməklə bağlı dəvətinə açıq şəkildə etinasızlıq göstərməsi barədə açıqlamasına cavab verib.

AzerTimes xəbər verir ki, səfirliyin sözçüsü “Amerikanın səsi”nin sorğusuna cavabda bildirib:

“ABŞ inanır ki, davamlı dialoq, davamlı əlaqə vasitəsilə, o cümlədən yüksək səviyyələrdə biz uzunmüddətli və hərtərəfli sülhə kömək etmək üçün mümkün olan hər şeyi edə bilərik. Daha əvvəl dediyimiz kimi, Azərbaycanın müstəqilliyi və suverenliyinin ABŞ-dan böyük dəstəkçisi yoxdur.

Amerika Birləşmiş Ştatları səfirliyinin əməkdaşları Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla, Azərbaycanın bütün bölgələrinə geniş şəkildə səfərlər ediblər və etməkdə davam edirlər. Səfirliyin əməkdaşları təhlükəsizlik, səhiyyə, enerji və iqtisadi inkişaf kimi mühüm məsələlərdə Azərbaycanla əlaqə qurmaq üçün ölkənin bütün bölgələrinə səfərlər edir”.

Zəruri olaraq qeyd edək ki, “Ağdam, Zəngilan və Füzuli də daxil olmaqla Azərbaycanın bütün bölgələrinə səfərlər edib” deyərkən, ABŞ səfirliyi növbəti dəfə və daha açıq formada Azərbaycanın ərazi bütövlüyünü sual altında qoyub. Belə ki, səfirlik keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə aid ərazilərə səfərlərə getməməsinə cavab vermək əvəzinə, “Azərbaycanın bütün bölgələrinə səfərlər edilib” ifadəsi ilə əslində Şuşa, Hadrud və digər ərazilərin Azərbaycanın “bütün ərazilərinə” aid olmadığını dolayısı ilə ifadə edib.

Halbuki hətta keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti də Azərbaycanın ərazisi olduğunu bütün dünya bilir və Azərbaycan BMT-ə bu ərazilərlə üzv olub. Keçmiş və artıq mövcud olmayan muxtar vilayətin “ərazisini” “Azərbaycanın ərazi bütövlüyündən” kənarda tutmaq yalnız paşinyanlıq, sərkisyanlıq, köçəryanlıq ola bilər.

Belə məlum olur ki, Paşinyanın və ümumilikdə Ermənistanın indi sərgilədiyi mövqe məhz ABŞ və Fransadan qaynaqlanır və rəsmi İrəvanı ilhamlandıran Vaşiqnton və Parisdir.

Bu iki paytaxtdan fərqli olaraq, ATƏT-in artıq tarixin arxivinə gömülən MQ-nun həmsədrlərindən olmuş və hazırda Azərbaycan ərazisində sülhməramlıları yerləşən Rusiyanın səfirliyi Şuşaya səfər etməklə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini nümayiş etdirdi.

Teqlər: