ABŞ Prezidentinin məktubu Azərbaycanın təşəbbüslərinin beynəlxalq aləmdə dəstəklənməsinin təzahürüdür – TƏHLİL

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Cozef Bayden
Müstəqillik Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə
təbrik məktubu göndərib. Məktubda ABŞ Prezidenti ölkəsinin
Azərbaycanla əməkdaşlığa yüksək önəm verdiyini qeyd edib.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin deputatı
Cavid Osmanov vurğulayıb ki, ABŞ Prezidentinin
məktubunda çox mühüm məsələlərə toxunulur və Azərbaycanın milli
maraqları, mövqeyi ilə üst-üstə düşən məsələlərə diqqət
yetirilir.

“Məktubda qeyd olunan bir neçə mühüm məsələyə diqqət çətkmək
istərdim. Məktubda hazırkı vəziyyət Cənubi Qafqazda davamlı sülhə
nail olmaq üçün mühüm imkan kimi qihmətləndirilir. Bu, olduqca
vacib məqamdır. Bu, onu göstərir ki, Azərbaycanın 44 günlük Vətən
müharibəsində tarixi Zəfəri ilə regionda yaratdığı yeni reallıqlar
ABŞ tərəfindən qəbul edilir və dəstəklənir.

Bununla yanaşı, məktubda Azərbaycanın terrorizmə qarşı qlobal
mübarizəyə verdiyi əhəmiyyətli töhfələr təqdir edilir. Azərbaycan
özü 30 il ərzində erməni terrorundan əziyyət çəkən bir ölkə kimi
qlobal terrorizmlə mübarizəyə mühüm töhfələr verib. Azərbaycanın bu
töhfəsi, eyni zamanda, ölkəmizin beynəlxalq aləmdə nüfuzunu artırıb
və etibarlı tərəfdaşa çevrilməsində mühüm rol oynayıb. Göründüyü
kimi, Azərbaycanın bu dəstəyi beynəlxalq ictimaiyyət tərəfindən
yüksək qiymətləndirilir”, – deyə C.Osmanov bildirib.

Deputat qeyd edib ki, məktubda digər mühüm məsələ ABŞ-ın
Azərbaycan və Ermənistan arasında diplomatik təmasların
intensivləşdirilməsinin bütün Qafqaz və trans-Xəzər regionunun
çiçəklənməsinə imkan verəcəyi qənaətində olmasıdır.

“ABŞ Prezidenti, həmçinin, regionda iqtisadi, nəqliyyat və
insanlararası əlaqələrin qurulması istiqamətində Azərbaycanın
gördüyü işlərə kömək etməyə hazır olduğunu bildirir. Bu, bir daha
onu göstərir ki, Azərbaycanın sülh təşəbbüsləri dünya dövlətləri
tərəfindən dəstəklənir. Hesab edirəm ki, bu, Ermənistana da ciddi
bir mesaj olmalıdır ki, onların Azərbaycanın təşəbbüslərini qəbul
etməkdən başqa yolları yoxdur, çünki dünya liderləri Azərbaycanın
haqlı mövqeyini və sülh təşəbbüslərini dəstəkləyir.

Hesab edirəm ki, ABŞ Prezidentinin məktubu ümumilikdə
Azərbaycanın haqlı mövqeyinə və Prezident İlham Əliyevin apardığı
düzgün siyasətə beynəlxalq aləmdə verilən böyük önəm və yüksək
qiymətdir”, – deyə deputat əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov da
AzerTimes-ın sualını
cavablandırarkən deyib ki, Amerika Birləşmiş Ştatları ilə
Azərbaycan arasında diplomatik əlaqələrin yaranmasından keçən 30 il
ölkələrimizarası münasibətlərinin möhkəmlənməsi və inkişafı
baxımından uğurlu bir tarixdir.

“Müstəqilliyimizin ilk illərindən başlayaraq ABŞ Azərbaycanın
ərazi bütövlüyünü dəstəklənib və torpaqlarımızın danışıqlar yolu
ilə işğaldan azad olunması prosesində ölkəmizin mövqeyini həmişə
dəstəkləyib. Müstəqilliyimizin ilk illərində Azərbaycanın
iqtisadiyyatının inkişafının təməlində dayanan və bel sütunu təşkil
edən “Əsrin müqaviləsi”nin imzalanmasında ABŞ yaxından iştirak
edib, karbohidrogen resurslarımızın dünya bazarlarına ixracını
təmin edən neft-qaz boru xətlərinin çəkilməsini dəstəkləyib.

Bu illərdə Azərbaycan-ABŞ münasibətləri artan xətlə inkişaf edib
və strateji xarakter alıb. Azərbaycanın ərsəyə gətirdiyi
Cənub-Şimal və Qərb-Şərq nəqliyyat dəhlizlərin tikintisi ilə bağlı
layihələr Amerika Birləşmiş Ştatları tərəfindən dəstəklənib,
Avropanı Asiya ilə birləşdirəcək bu layihələrin xüsusilə bu gün
artan əhəmiyyətini müsbət dəyərləndirib”, – deyə deputat qeyd
edib.

A.Badamov vurğulayıb ki, Azərbaycan beynəlxalq terrorizmə qarşı
mübarizədə yaxından iştirak edib, 1999-cu ildən başlayaraq
Kosovoda, İraqda, Əfqanıstanda, Cənubi Sudanda beynəlxalq
sülhməramlıların tərkibində sülhməramlı missiyalarını yerinə
yetirib. Yola saldığımız 30 ildə Azərbaycanın öz ərazisi işğal
altında olmasına baxmayaraq, beynəlxalq missiyaların iştirakçısı
olması ABŞ tərəfindən də yüksək dəyərləndirilib.

2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi ilə başa
çatan 44 günlük Vətən müharibəsində yaratdığımız yeni reallıq
Amerika Birləşmiş Ştatları tərəfindən də qəbul olunur. Müstəqillik
Günü münasibətilə ABŞ Prezidenti Co Baydenin Prezident İlham
Əliyevə ünvanladığı təbrik məktubunda Cənubi Qafqazda davamlı sülhə
nail olmaq üçün mühüm imkan kimi qiymətləndirilməsi, Azərbaycan və
Ermənistan arasında təmasların intensivləşdirilməsinin bütün Qafqaz
və trans Xəzər regionunun çiçəklənməsinə imkan verəcəyi qənaətində
olması və bu anlamda Azərbaycanın sülh təşəbbüslərinin
dəstəkləməsi, iqtisadi, nəqliyyat və insanlararası əlaqələrin
qurulması istiqamətində gördüyü işlərə kömək etməyə hazır olduğunu
bildirməsi ABŞ-ın bölgədə yaratdığmız yeni reallığa uyğun
uzunmüddətli sülhün təmin edilməsinə böyük dəyər verdiyinin
göstəricisi hesab edirəm.

Azərbaycanın regionda təhlükəsiz əməkdaşlığın yaradılması ilə
bağlı təşəbbüsləri beynəlxalq normalara uyğundur və Ukrayna
müharibəsi ilə əlaqədar dünya nizamında baş verən hadisələr
müstəvisində yeni əməkdaşlıq və sülh regionunun yaradılması
istiqamətindədir. Təbii ki, dünya nizamında baş vermiş hadisələr
yeni təhlükəsiz əməkdaşlıq və iqtisadi əlaqələrin davam etdirilməsi
üçün perespiktivlər vəd edən Cənubi Qafqaz regionunda dayanıqlı
sülhün təmin olunmasını vacib edir. Azərbaycanın niyyəti və
gələcəyə baxışları öz ölkəmizin üzərindən dünyanı birləşdirməklə
bağlıdır. Amerika Birləşmiş Ştatlarının Prezidenti təbrik
məktubunda ölkəmizin bu mövqeyinin əhəmiyyətindən danışaraq
planlarımızın reallaşdırılmasında dəstək verməyə hazır olduğunu
bildirərək ölkələrarası əməkdaşlığın möhkəmlənməsinə və inkişafına
böyük dəyər verdiyini ifadə etməsini həm də ABŞ-ın regiona
baxışlarının ifadəsi kimi qeyd etmək olar”, – deyə deputat əlavə
edib.

Teqlər: