ABŞ-nin Ermənistandakı səfirinin Qarabağla bağlı sərsəm bəyanatı qərəzdən başqa bir şey deyil – ŞƏRH

ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi erməni mətbuatına
müsahibəsində reallıqdan uzaq və sərsəm fikir söyləyib. Səfir iddia
edib ki, guya ABŞ Qarabağda yaşayan əhalinin öz gələcəyini müəyyən
etmə hüququnu tanıyır. Görünür, ABŞ səfiri hələ də regionda baş
verən proseslərdən xəbərsizdir və ya bilərəkdən bu cür ziddiyətli
bəyanat verib.

Azərbaycan 44 günlük Vətən müharibəsində öz torpaqlarını işaldan
azad edib və ondan sonra qəbul edilən bir neçə üçtərəfli sənədlərdə
Qarabağın hər hansı bir statusundan söhbət getmir. Azərbaycan
Prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Qarabağa hər hansı
bir status verilməsindən söhbət gedə bilməz və bu məsələ müzakirə
mövzusu deyil. Qarabağda yaşayan erməni əhalisi isə Azərbaycan
tərkibində, Azərbaycan vətəndaşlığını qəbul edərək yaşaya bilərlər.
Belə olan halda ABŞ səfirinin əsassız iddiası bir sıra suallar
doğurur və qərəzdən başqa bir şey deyil.

Məsələ ilə bağlı AzerTimes-ın sualını cavablandıran Milli Məclisin
deputatı Elşən Musayev bildirib ki, Amerikanın Ermənistandakı
səfiri Linn Treysinin erməni mətbuatına verdiyi ziddiyyətli
müsahibədə deyilən fikirlərlə qətiyyən razılaşmaq olmaz. “Üstəlik,
bu ziddiyyətli müsahibə kifayət qədər yaxşı olan ABŞ-Azərbaycan
münasibətlərinin fəlsəfəsinə, ruhuna da uyğun deyil.

“Xanım səfirin nə beynəlxalq hüququn “xalqların öz müqəddaratını
təyin etmək” prinsipinə, nə status məsələsinə, nə də ümumiyyətlə
Qarabağ mövzusuna münasibəti anlaşılan deyil. Hətta bu müsahibəni
oxuyan adamda belə bir təəsürat yarana bilər ki, Treysi ümumən
gedişatdan xəbərdar deyil. Amma onun diqqətinə bəzi reallıqları
mütləq çatdırmaq lazımdır. Reallıq isə budur ki, Azərbaycan 44
günlük Vətən müharibəsində öz əzəli torpaqlarını işğaldan azad
edib, öz suveren hüququndan istifadə edib və ən nəhayət: BMT-nin
qətnamələrini özü icra edib. Məhz özü. Təkbaşına!

Möhtərəm Prezidentimiz İlham Əliyev dəfələrlə qeyd edib ki, bu
münaqişə artıq keçmişdə qalıb və bundan sonrakı mərhələdə xalqlar
sülhə hazırlanmalıdır. Amma xanım Treysinin müsahibəsini oxuyan
adam elə zənn edər ki, sanki 20 il öncədir və hər şey əvvəlki
kimidir.

Hesab edirəm, xüsusən diplomatlar müsahibə verərkən incə
məqamları nəzərə almalı və diqqətli olmalıdırlar”, – deyə deputat
bildirib.

Politoloq Ceyhun Əhmədli isə AzerTimes-a açıqlamasında bildirib ki,
ABŞ-nin Ermənistandakı səfiri Linn Treysi qərəzli açıqlamaları ilə
son vaxtlar gündəmdən düşmür.

“Ermənipərəst mövqeyini gizlətməyən L.Treysi irrasional
bəyanatları ilə postmünaqişə reallıqlarını gözdən salmağa çalışır.
Görünür, 44 günlük müharibədən sonra Azərbaycan və Türkiyənin
öncüllüyü ilə regionda formalaşmış yeni geosiyasi konfiqurasiya
Linn Treysinin təmsil etdiyi dövləti qane etmir. Onun status
məsələsi ilə bağlı sərsəmləməsi ilk növbədə münaqişənin hələ də
bitmədiyi görüntüsünü formalaşdırmağa xidmət edir. Bəlli məsələdir
ki, Qərbdəki bəzi dairələr münaqişə vəziyyətinin qalmasında
maraqlıdır. Çünki münaqişə yoxdursa, həmin qüvvələrin regionda
təsir imkanları tamamilə aradan qalxmış olur. Sülh və əməkdaşlıq
onlar üçün arzuolunmazdır. Belə olmasaydı, Qərbdəki həmin
dairələrin yeni reallıqlardan çıxış edərək Azərbaycan və Ermənistan
arasında etimad quruculuğu prosesinə dəstək vermələrinin şahidi ola
bilərdik.

Amma əksini görürük. Sülh və əməkdaşlıq imkanlarını təşviq etmək
əvəzinə, münaqişə vəziyyətini bərqərar etməyə çalışırlar. Linn
Treysi və onun arxasında dayanan qüvvələrin qərəzli açıqlamalarının
arxasında məhz bu məkrli plan dayanır”, – deyə politoloq
bildirib.

O qeyd edib ki, status məsələsini hansısa formada qabartmaq
müharibəni stimullaşdırmaq anlamına gəlir. “Çünki Azərbaycan xalqı
və dövləti öz ərazisində hansısa bölgəyə özəl bir status vermək
barədə qətiyyən düşünmür. Statusun istənilən forması bizim üçün
qəbul edilməzdir. 44 günlük müharibə status məsələsini tarixin
arxivinə göndərib. İndi regionda yeni reallıqlar hökm sürür və
təbii olaraq, status məsələsi siyasi gündəlikdə yoxdur. Digər
tərəfdən, Linn Treysinin diqqətinə çatdırmaq lazımdır ki, artıq
Azərbaycan ərazisində “Dağlıq Qarabağ” adlı inzibati vahid yoxdur.
Olmayan bir şeyin statusu haqqında danışmaq isə yumşaq desək, vaxt
itkisidir”, – deyə politoloq əlavə edib.

Teqlər: