ABŞ Məhkəməsi Baydenin məcburi peyvəndlə bağlı qərarının tətbiqini dayandırıb

Luiziana ştatının Nyu Orlean Federal Apellyasiya Məhkəməsi 100 və daha çox işçisi olan şirkətlərin əməkdaşlarının COVID-19-a qarşı məcburi vaksinasiyasını nəzərdə tutan ABŞ Administrasiyasının qərarının tətbiqini dayandırıb.

Trend xəbər verir ki, məhkəmə tərəfində belə bir addım onlarla şirkətdən daxil olmuş iddialar əsasında atılıb. Texas, Luiziana, Yuta və Cənubi Karolina ştatlarının prokurorları da məcburi vaksinasiyaya qarşı çıxıblar.

Məhkəmə ABŞ administrasiyasından bazar ertəsi günündən gec olmayaraq qərar ilə bağlı izahat verməsini tələb edib.

Apellyasiya Məhkəməsi bu addımı görülən tədbirlərin qanuniliyi və onların konstitusiyaya uyğunluğu ilə bağlı ciddi narahatlıqların ola biləcəyi ehtimalı ilə əsaslandırıb. İddiaçılar bildirir ki, ABŞ icra hakimiyyəti işçiləri peyvənd olunmağa məcbur etməyə, peyvənddən imtina etsələr isə, onları işdən məhrum etməyə haqqı yoxdur.

Qeyd edək ki, Ağ Ev 100 və daha çox əməkdaşı olan şirkətlərin işçilərini 2022-ci il yanvarın 4-dən məcburi vaskinasiyaya cəlb olunacaqlarını bildirmişdir. Qərara əsasən, peyvənd olunmaq istəməyən işçilər həftədə ən azı bir dəfə koronavirus testindən keçməlidirlər.