ABŞ-ın iki şəhərində 28 may tarixi “Azərbaycanın Müstəqillik Günü” elan edilib (FOTO)

ABŞ-ın Şimali Karolina ştatının Keri (Cary) və Şarlotta
(Charlotta) şəhərlərində 28 may 2022-ci il tarixi “Azərbaycanın
Müstəqillik Günü” elan edilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Keri
şəhər meri Harold Vaynbrext və Şarlotta şəhər meri Aleksandr
Laylesin imzaladıqları bəyannamələrdə bildirilib ki, Azərbaycan
əsilli amerikalılar 28 May 1918-ci il tarixində qurulmuş Azərbaycan
Xalq Cümhuriyyətinin növbəti ildönümünü qeyd edirlər. Sənədlərdə
Azərbaycanla mədəni, iqtisadi, elm və təhsil sahəsində əlaqələrin
qurulmasında, eləcə də Keri və Şarlotta şəhərlərindəki
mədəniyyətlərarası anlaşmaya töhfələrini bəxş edən Azərbaycan
icmasının fəaliyyəti yüksək qiymətləndirilib.

Şəhər merləri yerli ictimaiyyəti bu bayrama qoşulmağa və
Azərbaycan icmasının sevincinə şərik olmağa çağırıblar.

Qeyd edək ki, bəyannamələr Şimali Karolinada fəaliyyət göstərən
Azərbaycan Dostluq Cəmiyyətinin rəhbəri Adika İqbalın təşəbbüsü ilə
qəbul edilib.

Teqlər: