ABŞ ilk dəfə olaraq təlimlərdə yeni HHM sistemini sınaqdan keçirib

ABŞ ordusu ilk dəfə olaraq yeni hava hücumundan müdafiə (HHM)
sistemini təlim şəraitində sınaqdan keçirib.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, Maneuver
Short-Range Air Defense (M-SHORAD) sistemi Estoniyada keçirilən
Saber Strike 22 təlimində istifadə olunub.

ABŞ 10-cu Ordusunun Hava və Raket Hücumundan Müdafiə
Komandanlığının məlumatına görə, martın 10-da M-SHORAD Finlandiya
körfəzi üzərində pilotsuz uçan aparatı simulyasiya edən hədəfi
vurub. Manevrlərə dörd prototip M-SHORAD sistemi cəlb edilib.

M-SHORAD yaxın radiuslu hava hücumundan müdafiə sistemi 1989-cu
ildən istehsal olunan köhnəlmiş M1097 Avenger sistemlərini əvəz
etmək üçün nəzərdə tutulub. Stryker ZTR şassisi əsasənda istehsal
edilən texnika hədəflərin axtarışı üçün radar və optik-elektron
stansiya ilə təchiz edilib. Silahlanmaya XM914 avtomatik top,
pulemyot, Stinger zenit raketləri və AGM-114L Longbow Hellfire tank
əleyhinə raketləri daxildir.