Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinken və Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilov arasında görüş keçirilib. Görüş zamanı tərəflər iki ölkə arasındakı münasibətləri müzakirə ediblər.
AzerTimes-ın məlumatına görə, bunu görüşün protokol hissəsində ABŞ dövlət katibi deyib.
E.Blinken bildirib: “ABŞ və Özbəkistanın regional təhlükəsizlik sahəsində, xüsusən Əfqanıstanla əlaqəli ciddi ortaq maraqları var. Özbəkistan bölgə ölkələrini iqtisadiyyat və infrastruktur sahəsində bir-birinə yaxınlaşdırmaqda liderdir və biz bunları müzakirə edəcəyik”.
Ə.Kamilov öz nəvbəsində vurğulayıb ki, Özbəkistanın Vaşinqtondakı idarələrarası nümayəndə heyəti geniş gündəliyə sahibdir: “Biz münasibətlərimizin vəziyyəti və gələcəyi barədə fikir mübadiləsi aparacağıq. Orta Asiyada təhlükəsizliyə ciddi diqqət yetirəcəyik. Dünyada və bölgədə çox şey dəyişib. Əlbətdə ki, Əfqanıstandakı vəziyyət barədə də danışacağıq”.
Daha sonra Dövlət Departamentindən bildirilib ki, E.Blinken bu il ölkələrin diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd edərək, ABŞ-ın Özbəkistanla strateji tərəfdaşlığı dərinləşdirmək istəyini vurğulayıb. ABŞ tərəfi Orta Asiya ölkələri – Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanla əməkdaşlıq mövzusunu da toxunub.