ABŞ-dan diri quş və quşçuluq məhsullarının idxalına qoyulan qadağa götürülüb

Xəbər - Çingiz Səfərli – Trend:

Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Amerika Birləşmiş Ştatlarının Cənubi Karolina və Şimali Karolina ştatlarında qeydə alınmış aşağı patogen quş qripi xəstəliyi aradan qaldırılıb.

Qida Təhlükəsizliyi Agentliyindən AzerTimes-a verilən məlumata görə, bununla əlaqədar, OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən, zonalaşma prinsipi nəzərə alınmaqla, ABŞ-ın Cənubi Karolina və Şimali Karolina ştatlarından bütün növ diri quş və quşçuluq məhsullarının idxalına tətbiq edilmiş məhdudiyyətin aradan qaldırılması ilə bağlı qərar qəbul edilib.

Eyni zamanda, aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinə məlumat verilib.


Ümumdünya Heyvan Sağlamlığı Təşkilatı tövsiyə edir ki, quş qripi xəstəliyinin baş verməməsi üçün quşçuluq məhsullarının və quşların beynəlxalq ticarətinin aparılmasında ölkələrin epizootik vəziyyəti nəzərə alınmalı, quşçuluq təyinatlı istehsal müəssisələrində və bu müəssisələrin daxil olduğu ərazilərdə daimi müşahidələr aparılmalı və baytarlıq-sanitariya tələblərinə əməl edilməlidir.

Teqlər: