ABŞ-da güclü qar səbəbindən minlərlə aviareys ləğv olunub

Şənbə günü ABŞ-ın şərq sahillərində tüğyan edən növbəti qar fırtınası səbəbindən 3500-dən çox aviareys ləğv olunub və 80 mindən çox insan işıqsız qalıb.

Trend yerli KİV-lərə istinadən xəbər verir ki, Cənubi və Şimali Karolina ştatlarında meydana gələn təbiət kataklizmi təqribən 50 milyon amerikalıya təsir göstərib və Atlantik okeanı sahilləri boyunca şimala doğru – Delaver, Nyu-Cersi və Nyu-York istiqamətində hərəkət edir. Massaçusets ştatında 79 min, Delaverdə 4 minə yaxın istehlakçı elektriksiz qalıb.

“FlightAware” portalının məlumatına görə, şənbə günü ABŞ-a gələn, ölkədən uçan və yaxud ölkə daxilində 3520 reys ləğv olunub. Bazar gününə nəzərdə tutulan 800 reysin də artıq ləğv olunduğu bildirilir.

Qar fırtınasının bazar gününədək davam edəcəyi gözlənilir.