ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə İKT təhsili üzrə layihəyə başlayır

ABB Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birgə yeni
layihəyə start verir.

Məqsəd ölkəmizdə insan kapitalının inkişafına dəstəkdir. Layihə
çərçivəsində əmək bazarı üçün peşəkar İKT mütəxəssisləri
hazırlanacaq. Ali təhsil müəssisələrinin tələbə və məzunlarına
proqramlaşdırma, proqram təminatı, dizayn və s. sahələrdə bilik və
bacarıqlara yiyələnmək üçün şərait yaradılacaq. Sırf bu əməkdaşlıq
çərçivəsində 2022-ci ildə müvafiq istiqamətlər üzrə 200 məzunun
hazırlanması nəzərdə tutulur. Bundan başqa, ABB və nazirliyin birgə
təşkilatçılığı əsasında ideya marafonu, inkubasiya və akselerasiya
proqramları həyata keçiriləcək. Birgə tədbirlərin
reallaşdırılmasında Bankın ABB Tech Akademiyasının və ABB
İnnovasiya Mərkəzinin imkanlarından geniş istifadə ediləcək. Belə
ki, ABB Tech Akademiyasının yaxın günlərdə elan edəcəyi növbəti
proqramlarda təqaüdlü təhsil imkanı yaradılacaq.

Sözügedən layihə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin
2021-ci ildə təqdim etdiyi “Technest” Təqaüd Proqramı çərçivəsində
yerinə yetirilir. Bu proqramın əsas məqsədi İKT sahəsində əmək
bazarının tələblərinə uyğun yetkin, yenilikçi və sahibkar
təfəkkürünə malik insanların sosial icmasını formalaşdırmaqdır.
Proqram çərçivəsində hazırda 500-dək gənc və yeniyetmə təqaüd
əsasında təhsil alır. Onlardan 120 nəfəri məktəblidir.


ABB də ölkəmizdə informasiya texnologiyaları üzrə peşəkar
mütəxəssislərin hazırlanmasına, startap ekosisteminin inkişafına
fəal dəstək verir. Bankın ABB Tech Akademiyası, ABB İnnovasiya
Mərkəzi bir neçə ildir ki fəaliyyətdədir. ABB və Rəqəmsal İnkişaf
və Nəqliyyat Nazirliyinin təhsil sahəsindəki əməkdaşlığı ölkədə
innovasiya ekosisteminin inkişafına, innovativ məhsul və
xidmətlərin yaranmasına əhəmiyyətli töhfələr verəcək.