6 universitetimiz universitetlərin beynəlxalq reytinqində

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan Times
Higher Education (THE) 2022-ci il üçün “THE İmpact Ranking”
reytinqini açıqlayıb.

Dünya universitetlərinin Birləşmiş Millətlər Təşkilatının 17
Davamlı İnkişaf Məqsədinə adekvat fəaliyyəti və bunun cəmiyyətə
təsirini ölçən bu reytinqdə Azərbaycanın da bir neçə universiteti
yer alıb. Sevindirici haldır ki, reytinqə ölkəmizdən 6 ali təhsil
müəssisəsi (Bakı Dövlət Universiteti, UNEC, Xəzər, Qərbi Kaspi
Universiteti, Bakı Mühəndislik Universiteti, Azərbaycan Dövlət
Memarlıq və İnşaat Universiteti) var.

Mövzunu saytımıza şərh edən tanınmış təhsil eksperti, professor
Şahlar Əsgərov qeyd edib ki, dünyada mövcud olan təxminən 25 min
universitetdən 5 mindən artıq universitet hər il təşkilata reytinq
qiymətləndirilməsində iştirak üçün müraciət edir və onlardan bu il
1406 ali təhsil ocağı reytinqə daxil edilib: “Bu reytinqə daxil
edilən universitetlərin sayı artıb. Ötən il 1240 ali təhsil
ocağının qiymətləndirilməsi aparılmışdı. Ölkəmizdən də iki
universitet reytinqdə 601+ ən yaxşı universitet arasında düşə
bilib”.

Şahlar Əsgərov bildirib ki, BMT-nin bu 17 istiqaməti üzrə
universitetlərin fəaliyyətinin qiymətləndirilməsi bütünlükdə
dünyanın inkişafında təhsilin və təhsil ocaqlarının praktik
rolundan irəli gəlir. Bu istiqamətlər üzrə düzgün strategiya və
addımlar universitetlərimizin nəinki ölkəmizi, planeti
qayğılandıran problemlərin həllində iştirakını, rolunu artırır.

Professor qeyd edib ki, son illərdə xüsusilə iki
universitetimizin – Qərbi Kaspi Universiteti və Xəzər
Universitetinin çevik, yeni çağırışlara adekvat addımlar atması,
təhsil proqramlarını qabaqcıl təcrübəyə uyğunlaşdırması, eləcə də
infrastrukturunu, maddi-texniki bazalarını əhəmiyyətli dərəcədə
yaxşılaşdırmaları sevindiricidir və bu cür beynəlxalq reytinqlərdə
əldə olunan sıçrayışı da bu baxımdan təbii qarşılamaq olar: “İki
universitetimiz dünyanın ən yaxşı universitetləri ilə – məsələn,
ABŞ-ın Rovan Universiteti, Alyaska Fairbanks Universiteti, Oreqon
Dövlət Universiteti, İtaliyanın Parma Universiteti, Norveçin
Stavanger Universiteti, Polşanın Varşava Universiteti və s. kimi
universitetlərlə eyni sırada (601+) yer alıb. Xəzər və Qərbi Kaspi
Universitetin qabaqladığı universitetlər arasında da kifayət qədər
nüfuzlu universitetlər var. Onlardan da bir neçəsənin adını çəkə
bilərəm, məsələn: ABŞ-ın Huntsville, Alabama, Roçester Texnologiya
Universitetləri, Böyük Britaniyanın Bornmut İncəsənət Universiteti,
Fransanın Panteon-Sorbon Universiteti, Polşanın Adam Mickiewicz
Universiteti və s. Reytinqdə eyni yerdə qərarlaşan universitetlərin
sıralaması əlifba sırası ilə aparılır. Yəni 601-dən 800-ə qədər
olan yerlərdə olan universitetlərin göstəriciləri eynidir, sadəcə,
sıralama üçün hansısa prinsip olmalıdır, təşkilat da ən optimal
metoda – əlifba sıralamasına müraciət edib”.

Teqlər: