6 min şəhid ailəsi üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq proqramına cəlb edilib

Ümumilikdə bu kateqoriyalara aid 10 min şəxs aktiv məşğulluq
proqramları ilə əhatə olunub

Möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsindən
sonra Prezident İlham Əliyevin tapşırığına əsasən Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi Vətən müharibəsi şəhidlərinin ailə
üzvləri və qazilər, erməni terrorundan zərər çəkən şəxslərlə bağlı
genişmiqyaslı sosial dəstək tədbirləri həyata keçirir.

Nazirlikdən AzerTimes-a verilən
məlumata görə, həmin tədbirlərin bir istiqaməti də onların kiçik
biznesə çıxışına özünüməşğulluq proqramı vasitəsilə şərait
yaradılmasıdır.

Bu məqsədlə postmüharibə dövründə 6,5 mindən çox şəhid ailəsi
üzvü və qazi, erməni terrorundan zərər çəkən şəxs özünüməşğulluq
proqramına cəlb edilib.


İlkin mərhələdə onlar üçün kiçik biznesin təşkili və idarə
olunması üzrə bilik və bacarıqlara malik olmaları məqsədilə
təlimlər təşkil olunub.

Təlimlərdən sonra isə seçdikləri iqtisadi fəaliyyət növləri üzrə
kiçik ailə təsərrüfat və müəssisələrini yaratmaları üçün onlara
lazımi mal və materiallar, avadanlıqlar formasında aktivlər təqdim
edilib.

Ümumilikdə, postmüharibə dövründə qeyd olunan kateqoriyalara aid
10 min şəxs Nazirlik tərəfindən aktiv məşğulluq proqramları ilə
əhatə olunub.

Teqlər: