44 günlük savaşda Teymurun qəbrindən Bakıya gətirilən sirli əşya

44 günlük savaşda Teymurun qəbrindən Bakıya gətirilən sirli əşya

I yazı

Dünyanın ən nəhəng şəxsiyyətlərindən biri sayılan Əmir Teymurun ölümündən sonra onun məzarının kodlaşdırılması barədə mifik rəvayətlər dolaşır.

Əmir Teymur 1405-cü il fevralın 18-də Çinə səfər edərkən vəfat edib. Son sözü “Lə iləhə illəllah” olub. Öldükdən sonra cənazəsini Səmərqəndə aparıblar. Əmir Teymurun yanında övladları – Şahrux və Miran şah, nəvələri Uluqbəy və Məhəmməd Sultan, Mir Səid Baraka və Teymurilər sülaləsinin bir neçə başqa nümayəndəsi dəfn olunub.

Rəvayətə görə, nefrit daşı plitəsi monqollar tərəfindən Çin imperatorunun sarayından götürülərək monqol hökmdarlarının sarayında taxt kimi qoyulmuşdur. Çinlilər nefriti ilahi güc mənbəyi hesab edirdilər və monqollar bu inancı onlardan qəbul etmişlər. Bu plitənin necə ələ keçirildiyi barədə dəqiq məlumat yoxdur, lakin onun iki böyük parçasının 1425-ci ildə Ketmen-təpə kəndində gedən döyüş zamanı Uluqbəyin əlinə keçdiyi məlumdur. Daşlar o qədər böyük və ağır idi ki, onlar üçün ayrıca vaqon tikməli oldular. Səmərqənd ustaları plitənin iki hissəsini birləşdirərək Əmir Teymurun qəbir daşını düzəldirlər.

1740-cı ildə Buxara xanlığının fəthi zamanı Nadir Şah daşın qəbirdən götürülərək Məşhədə çatdırılmasını əmr edir. Onun planı Məşhəddə məscidin daş piltəsini bu qəbir daşı ilə əvəz etmək idi. Rəvayətə görə, Nadir Şah bu daş götürüləndən sonra bir müddət xəstəlik keçirmişdir və sonda ağsaqqaların məsləhəti ilə, bəzi qaynaqlara görə isə Əmir Teymurun ruhani müəllimi Mir Seyid Bərəkənin onun yuxusuna gəlib daşı qaytarmaq tələbindən sonra qəbirüstü daşı geri qaytarmalı olur. Amma yolda daşla bağlı xoşagəlməz hadisə baş verib. Çayı keçərkən nefrit aşır və iki parçaya bölünür. Buna baxmayaraq, daşlar geri qaytarılır və ustalar iki parçanı məharətlə birləşdirərək ilkin yerinə qoyurlar. Odur ki, Əmir Temurun qalıqlarının dəfn olunduğu Gür-Əmir şah məqbərəsində nefrit qəbir daşında çatlar görə bilərik.

1941-ci ilin martında Stalinin şəxsi icazəsi ilə elmi ekspedisiya təşkil edilir. Onun vəzifəsi Teymurun məqbərəsini tapmaq idi. Dəstənin rəhbəri tanınmış özbək tarixçi və riyaziyyatçısı, Özbəkistan Elmlər Akademiyasının prezidenti akademik Taşmuhammed Karı-Niyazov idi. Ekspedisiyanın tərkibinə Şərqin qədim dillərinin mahir bilicisi, tarixçi Aleksandr Semyonov, məhşur leninqradlı arxeoloq, antropoloq və heykəltəraş Mixail Gerasimov, tacik yazıçı, alim və ictimai xadim Ayni və digərləri daxil idi. Mixail Gerasimov bu barədə maraqlı bir fakta toxunub.

Demək, Əmir Teymurun qəbrinin açılmasına bir gün qalmış onların oturduğu çayxanaya dörd ağsaqqal gəlir və xahiş edirlər ki, məzara toxunmasınlar. Ağsaqqal “Cunqnoma” adlı kitabı özü ilə gətirib göstərir ki, burda yazılıb, məzarın açılması böyük faciələrə gətirib çıxarda bilər.

“Oğlum, sən Tamerlanın (Əmir Teymir – red.) məzarını açmağa qərar verənlərdənsən? Bax, oğul, bu kitabda nə yazılıb: kim Tamerlanın məzarını açsa, döyüş ruhunu buraxacaq. Və dünyanın indiyədək görmədiyi o qədər qanlı və dəhşətli bir qırğın olacaq ki!”

Gerasimov onların başında duran ağsaqqalın fotosunu çəkə bilir. Yazının sonunda təqdim edilən fotoda görünən, adını belə bilmədiyi ağsaqqalın başçı kimi onlardan dəfələrlə bunu xahiş etməsini yazan Gerasimov ekspedisiya üzvlərinə təklif edir ki, ağsaqqalara qulaq asın. Lakin onlar ağsaqqaları ciddiyə almılar. Ağsaqqalar durub gedəndən beş dəqiqə sonra Gerasimov onların dalınca getsə də, tapa bilmir. Xatirəsində yazır ki, sanki qeyb olan ağsaqqalar barədə də soruşurlar, heç kim onlar barədə bilmir…

Əmir Teymurun qalıqlarının tədqiqi onun boyunun 172 santimetr olduğunu göstərir. O, çox güclü adam idi. Qəbir 1941-ci il iyunun 21-də axşam açılıb. Fatehin kəlləsi sarkofaqda su olduğuna görə zəif qorunub saxlanılmışdır, baxmayaraq ki, tərkibində saç qalıqları var idi. Maraqlıdır ki, Əmir Teymur Şahrux kimi kəfəndə deyil, Gerasimovun fikrincə, müasir tabutların formasına uyğun gələn tabutda dəfn edilib. Qalıqların pis mühafizəsi antropoloqa Əmir Teymurun görünüşünü bərpa etməyə mane olmadı.

Tamerlanın kəllə sümüyünü taxta qutuya qoyub Moskvaya aparırlar. Məqbərədə heç bir zinət əşyası aşkar edilmir.

Məzar açılandan bir müddət sonra isə II Dünya müharibəsi başlanır. Bir müddət sonra Səmərqənddə baş verənlər və müharibənin başlanmasının Əmir Teymurun qəbrinin açılması (lənət) ilə bağlı ola biləcəyi haqqda Stalinə məlumat verilir. Çaşqın vəziyyətə düşən Stalinə onu qorxudan bu məlumatı çatdıran şəxs məşhur sovet sərkərdəsi general G.Jukov olub.

Bundan sonra Stalin Özbəkistan Kommunist Partiyasının birinci katibi Usman Yusupovla əlaqə saxlayır və təcili olaraq Əmir Teymurun qalıqlarını Qur-Əmirə qaytarmaq lazım olduğunu deyir. Ancaq bu, elə də asan bir iş deyildi. Çünki M.Gerasimov hələ laboratoriyada sümüklər üzərində ekspertiza aparırdı.

Və nəhayət, 1942-ci il noyabrın 15-də sümük qalıqları geri qaytarılıb, basdırılması üçün Moskvadan xüsusi qatarla Özbəkistana yola salınır. Hətta Stalinin xüsusi tapşırığı ilə sümük qalıqları böyük bir mühafizə ilə aparılıb. Müharibə şəraitinə görə sümük qalıqlarının Səmərqəndə geri qaytarılması təxminən 1 ay çəkib.

İkinci Qarabağ müharibəsində də Əmir Teymurun məzarından Azərbaycana çox önəmli bir şey gətirilib…

Ardı olacaq

Teqlər: