31 Mart soyqırımı erməni vəhşiliyinin daha bir təzahürüdür – Deputat

Ermənilərin Azərbaycan xalqının başına gətirdiyi ən dəhşətli
faciələrdən biri də 1918-ci ilin mart-aprel aylarında Bakı
Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik
silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi
qırğınlardır. Ermənilər elə vəhşiliklər törədiblər ki, bunun insan
tərəfindən edilə biləcəyinə inanmaq belə çox çətindir.

Bunu AzerTimes-a Milli
Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, həmin günlərdə Bakı şəhərində, habelə, Bakı
quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc
sakin məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib,
insanlar işgəncələrə məruz qalıb.

“Yaşayış məntəqələri dağıdılıb, mədəniyyət abidələri, məscid və
qəbiristanlıqlar yerlə-yeksan edililib. 1918-ci ilin 30 mart – 3
aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif
bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz,
Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti
qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara
qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə
soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə qətlə yetirilib,
yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar
viran edilib”, – deyə deputat bildirib.

O vurğulayıb ki, dinc azərbaycanlıların qırğınında Bakı
Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun”
partiyasının 4 minlik silahlı dəstəsi iştirak etmişdir.

“Üç gün davam edən qırğın zamanı erməni silahlıları
bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə
qəflətən basqınlar edib, uşaqdan böyüyədək hər kəsi qətlə
yetiriblər.

Martın 31-də səhərə yaxın bütün erməni hərbi dəstələrinin
başçıları və silahlanmış erməni ziyalıları İnqilabi Müdafiə
Komitəsinin qərargahına gəliblər. Onlar qısa vaxtda
təlimatlandırılaraq müsəlman məhəllələrinə göndəriliblər. Yaxşı
silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə
soxulur, sakinləri öldürür, onları xəncər və süngü ilə doğrayır,
uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna
keçirirmişlər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə
nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni
cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetiriblər.
Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları
yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını
diri-diri divara mıxlamışılar.

O zaman yaradılan Fövqəladə İstintaq Komissiyasının sənədlərində
həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin
martında, yalnız Bakıda daşnaklar 15 mindən çoх günahsız müsəlmanın
qətlə yetirildiyi göstərilmişdi.

Həmçinin Komissiyanın materiallarına əsasən, azərbaycanlılara
qarşı soyqırımı keçirən erməni quldurları Şamaxıda 8 minədək dinc
sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının
17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında
əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik
azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə
yetirilib. Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə
kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv
edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10068 azərbaycanlı öldürülüb və
ya şikəst edilib, 50000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan
quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə
yetirilib, kəndlər isə yerlə yeksan edilib. Erməni silahlı
dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər
arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini
məhv edib”, – deyə deputat qeyd edib.

A.Həsənova bildirib ki, 1918-ci ilin mart soyqırımları öz
amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil,
bəşər tarixində də ən qanlı faciələrdən biridir.

“Ermənilərin xalqımıza qarşı törətdiyi 31 Mart soyqırımı
faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi
Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.

1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük
tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında”
Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü”
elan edilib.

Adıçəkilən Fərmanın imzalanması faktı məsələ ilə bağlı aparılan
tədqiqatlara, habelə həqiqətin üzə çıxarılması istiqamətində
səylərin artırılmasına təkan verib. Bu Fərmandan sonra həmin
tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu
əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub. Ötən illər
ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və
sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Üzə
çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı
dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı
aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının
sayının qat-qat çox olduğunu sübuta yetirir”, – deyə A.Həsənova
əlavə edib.

Teqlər: