2 saylı cəzaçəkmə müəssisəsindən 22 məhkum azad edilib (FOTO)

Əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar xidmətin 2 saylı
cəzaçəkmə müəssisəsində icra olunub.

AzerTimes-ın məlumatına görə, cəzaçəkmə müəssisəsində sərəncam
ümumilikdə 27 nəfər məhkuma şamil olunub.

Həmin şəxslərdən 22-si azadlığa buraxılıb, 5 nəfərin cəzası
yarıya endirilib.

Azadlığa buraxılanlar arasında Gəncə hadislərinə görə tutulanlar
və jurnalist də var.

Jurnalist Zöhrab Əliyev də azadlığa buraxılıb.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev tərəfindən mayın
27-də imzalanan Əfv Sərəncamının icrasına başlanılıb.

Sərəncama əsasən, məhkum olunmuş bir sıra şəxslərin, onların
ailə üzvlərinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə
müvəkkilinin, insan hüquqlarının müdafiəsi təşkilatlarının
Azərbaycan Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə
baxılaraq, məhkumların şəxsiyyəti, səhhəti, ailə vəziyyəti,
törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik
dərəcəsi, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışları
nəzərə alınaraq, humanizm prinsipləri əsas götürülərək ümumilikdə
213 nəfər əfv edilib.

Belə ki, azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş 168 nəfər
cəzasının çəkilməmiş hissəsindən azad edilib, 36 nəfərin cəzasının
çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Eləcə də azadlıqdan məhrumetmə cəzasına şərti olaraq məhkum
edilmiş 3 nəfər cəzadan azad ediliblər.

Həmçinin azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş 6
nəfər cəzalarının çəkilməmiş hissəsindən azad olunublar.

Teqlər: