2 milyon dollar və 1 milyon avro həyat yoldaşımın babasından miras qalıb – Vilyam Hacıyev

Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli rayonunun sabiq icra
başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam
etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Azər Paşayevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Vilyam Hacıyev bildirib ki, 42 il
dövlət orqanlarında müxtəlif vəzifələrdə, o cümlədən rəhbər
vəzifələrdə işləyib.

“Bu gün mənə bu vəziyyətdə ifadə vermək çox çətindir. İstintaq
materiallarında da göstərilir ki, təhsil, səhiyyə və digər
qurumlardakı yeyintilərdə də mən ittiham olunuram. Həmin qurumlar
mənə tabe olmayıb. Onların tabe olduqları qurumlar var. Mənim
onlara söz deməyə nə səlahiyyətim olub, nə də ixtiyarım.

İcra hakimiyyətində olan mənimsəməyə gəlincə isə bu əsasən
tikinti işləri ilə bağlıdır. Tikinti işlərində vəsaitlər isə
podratçı şirkətlərin hesabına köçürülüb, buna mənim müdaxilə etməyə
də ixtiyarım yoxdu. Podratçı şirkətlərin hesabından pul çıxarmaq,
pul tələb etməyim barədə heç bir sübut yoxdur. Ancaq sözlə
deyirlər. Bu da sübut kimi qəbul edilir. Mən də desəm ki, kiməsə
pul vermişəm onu sübut kimi qəbul edəcəksiniz? Əlbəttə ki
xeyir.

Bəs belə olan halda niyə mən ittiham olunuram. Əgər tikintilər
zamanı podratçı öz hesabından pul çıxarırsa və kiminləsə cinayət
əlaqəsinə girirsə, burada mənim günahım nədi?.

Mən 10 il müddətində İmişlidə öz əmlakın və sahibkar dostlarımın
köməyi ilə rayonun abadlaşmasına 8 milyon vəsait xərcləmişəm.
Bayraq Meydanı, şahmat məktəbi, uzunluğu 20 kilometr olan yolu
dövlət büdcəsindən bir manat almadan tikdirmişəm.

Hazırda ittiham olunduğum cinayətlərdə də heç kim mənim adımı
çəkməyib. Ola bilsin ki bu cinayətlər olub, amma məndən xəbərsiz
olub.

Cinayət işində 1 milyon 20 min, ola bilsin 3 milyon manat
mənimsəmə deyilir. Mən inkar etmirəm. Amma bu mənimsəmədə mən
iştirak etməmişəm. Yaxın qohumlarım vasitəsilə mən 6 milyon manatı
dövlət büdcəsinə ödəməyə hazıram. Güman edirəm ki bu hal da dövlət
büdcəsinə xeyirdi,” – Vilyam Hacıyev deyib.

V. Hacıyev evindən “AKM” markalı avtomat silahının
aşkarlanmasına da münasibət bildirib: “Müəyyən yerlərdə iddia
edirlər ki, icra başçısı qanunsuz silah gəzdirir. 2005-ci ildə ailə
üzvlərimlə birlikdə Gəncədə ovçular mağazasında olarkən mağaza
müdiri mənə təklif etdi ki, ov silahı var. Almaq qərarına gəldik.
Həmin vaxt mağaza müdiri dedi ki, bu ov silahında avtomat güllələri
də istifadə etmək olur. Silahı aldım, qoydum evə. 10 il sonra həmin
silahı evdən köçəndə gördüm. Evimdə axtarış aparılanda həmin silahı
aşkar etdilər. Vəkilim həmin mağazaya sorğu verib cavabı alıb.
Sorğunun cavabı məhkəməyə təqdim edilib. Cavabdan da görünür ki,
həmin silahla cinayətə qəsd edilməyib”.

Sənədlərin saxtalaşdırılması maddəsinə gəlincə isə V. Hacıyev
bildirib ki, sənədlər tenderdə hazırlanıb: “Bu sənədlər icra
hakimiyyətində hazırlanmayıb. Bunu biz saxtalaşdırmamışıq. Hardasa
sənədlər saxtalaşdırılıbsa, buna icra hakimiyyəti cavabdeh
deyil”.

İfadəsinin sonunda Vilyam Hacıyev yaşının və dəymiş ziyanın
ödəyəcəyini nəzərə alaraq bağışlanmasını xahiş edib.

Prosesdə dövlət ittihamçısı bildirib ki, axtarışlar zamanı
Vilyam Hacıyevin Bakıdakı mənzilindən 2 milyon 500 min dollar, 1
milyon avro, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşlarının İmişli
rayon İcra Hakimiyyətində keçirdiyi əməliyyat zamanı isə icra
başçısının cibindən 2550 manat, otaqdan isə 10 min manat aşkar
edilib.

Vilyam Hacıyev həmin pulların rüşvətlə əldə edilmədiyini
bildirib.

“Həmin pullar barədə tam açıqlama verirəm. O pullar rüşvətlə
əldə edilməyib. Həmin vəsaitlər mənim həyat yoldaşımın babasından
və qohumlarından miras qalıb. Cibimdə isə maaş və aldığım mükafat
pulu idi. Həmin pullardan heç biri rüşvət deyil”.

Dövlət ittihamçısı isə bildirib ki, 2 milyon dollar və 1 milyon
avronun bankdan xarici valyutaya çevrilməsi barədə faktlar var.

Vilyam Hacıyev prokurorun digər suallarını cavablandırmaqdan
imtina edib.

Proses iyunun 3-də davam etdiriləcək.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli
miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə
səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv
rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə
saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə
ittiham olunur.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti
(DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb.

İstintaq orqanı tərəfindən toplanmış materiallarla sabiq icra
başçısı barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda
mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən
sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli
miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci
(qanunsuz silah saxlama) maddələri ilə yekun ittiham elan
olunub.

Teqlər: