1918-ci ilin Mart soyqırımı amansızlığına və miqyasına görə bəşər tarixində ən qanlı faciələrdən biridir – Vüqar Rəhimzadə

Faktlara əsaslanan tarix heç zaman saxtakarlığı qəbul etmir,
eyni zamanda, heç nəyi də silmir. Baxmayaraq ki, ermənilər
havadarlarının dəstəyi ilə zaman-zaman azərbaycanlılara və türklərə
qarşı soyqırımı və deportasiya siyasəti həyata keçirib saxta tarix
yazmaqla beynəlxalq aləmdə özlərini “yazıq, məzlum, döyülən və
əzilən xalq” kimi bir çox məqamlarda tanıtmağa nail olsalar da,
amma bir reallığı unudublar ki, belə saxta tarixlə yalnız müəyyən
zaman çərçivəsində yalanlarını həqiqət kimi qəbul etdirə bilərlər.
Halbuki, fakt tələb olunanda ermənilərin acizlikləri diqqətdən
kənarda qalmır. Necə ki, qardaş Türkiyəyə qarşı əsassız “erməni
soyqırımı” iddiasını irəli sürərək bunu havadarlarının dəstəyi ilə
bir çox dövlətlərə qəbul etdiriblər. Lakin Türkiyə rəsmiləri bu
məsələ ilə bağlı arxivlərin açılmasını və tarixçilərdən ibarət
erməni-türk komissiyasının yaradılmasını tələb edəndə işğalçı
Ermənistanın rəhbərliyi bu məsələ ilə tarixçilərin deyil,
siyasətçilərin məşğul olduğunu bildirərək nə qədər aciz duruma
düşdüklərini, siyasi savadsızlıqlarını təsdiqləyiblər. Bu baxımdan
deyə bilərik ki, araşdırmaların nəticəsi olan hər bir tarixi fakt
1918-ci ilin mart – aprel aylarında və sonrakı dövrlərdə erməni
millətçilərinin azərbaycanlılara və türklərə qarşı həyata
keçirdikləri qanlı aksiyaların coğrafiyasının nə qədər geniş
olduğuna işıq salır.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon
təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə AzerTimes-a
açıqlamasında bildirib.

Vüqar Rəhimzadə bu reallığı da diqqətə çatdırıb ki, tarixinə
sahib çıxan xalq məğlubedilməzdir: “Azərbaycan xalqına qarşı
törədilmiş bütün soyqırımı faciələrini beynəlxalq aləmə çatdırmaq
və milli yaddaşımıza əbədi həkk etdirmək məqsədi ilə 1998-ci il
martın 26-da ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı
haqqında” Fərman imzalamışdır. Həmin sənəd əsasında martın 31-i
“Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Fərmanda da
qeyd edildiyi kimi, Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün
faciələri torpaqlarının zəbt edilməsi ilə müşayiət olunaraq,
ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə
həyata keçirdikləri soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini
təşkil etmişdir. Bu hadisələrin yalnız birinə – 1918-ci ilin Mart
soyqırımına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan
Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan bu gün onun axıra qədər
həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı
hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul
edir”. Həmin Fərmanın icrasının ardıcıl və mütəşəkkil şəkildə
həyata keçirilməsi ilə bağlı ümummilli lider Heydər Əliyev 30 mart
1999-cu ildə Tədbirlər planı təsdiq etmişdir. Son 18 ildən artıq
dövrdə ulu öndər Heydər Əliyevin siyasi kursunu bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyevin tariximizin
öyrənilməsi və gələcək nəsillərə ötürülməsi, həmçinin erməni
vəhşiliklərinin faktların dili ilə beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində atdığı addımlar da göz önündədir. Belə
ki, ölkə Prezidentinin Sərəncamı ilə 2018-ci ilin “Azərbaycan Xalq
Cümhuriyyəti İli” elan edilməsi, dövlət başçısının “1918-ci il
azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncamı
ermənilərin törətdikləri faciələrin dünya ictimaiyyətinə
çatdırılması istiqamətində atılan mühüm addımlardandır. Hər iki
sənəd Azərbaycanın zəngin tarixinin öyrənilməsində və təbliğində
böyük rola malikdir.”

“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən
biri də 1918-ci ilin mart-aprel aylarında Bakı Sovetinin mandatı
altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri
tərəfindən xüsusi qəddarlıqla törədilmiş kütləvi qırğınlardır”
söyləyən YAP Xətai rayon təşkilatının sədri bildirib ki, həmin
günlərdə Bakı şəhərində, habelə Bakı quberniyasına daxil olan digər
şəhər və qəzalarda on minlərlə dinc sakin məhz etnik və dini
mənsubiyyətinə görə qətlə yetirilib, yaşayış məntəqələri dağıdılıb,
mədəniyyət abidələri, məscid və qəbiristanlıqlar yerlə-yeksan
edilib: “Sonrakı dövrlərdə daha da azğınlaşan erməni millətçiləri
qeyri-insani əməllərini davam etdirib, Qarabağ, Zəngəzur, Naxçıvan,
Lənkəran, Şirvan, İrəvan və digər bölgələrdə kütləvi qətllər,
talanlar və etnik təmizləmələr həyata keçiriblər. Azərbaycan Xalq
Cümhuriyyətinin hökuməti ermənilərin törətdikləri ağır cinayətlərin
araşdırılması üçün Fövqəladə İstintaq Komissiyası yaradıb. Lakin
Xalq Cümhuriyyətinin süqutundan sonra bu proses dayandırılmış, baş
verənlərin sona qədər təhqiq edilməsinin və ona müvafiq
siyasi-hüquqi qiymət verilməsinin qarşısı alınmışdır. Qeyd
etdiyimiz kimi, ümummilli lider Heydər Əliyevin 26 mart 1998-ci il
tarixli “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanında həmin
dəhşətli hadisələrə dolğun siyasi qiymət verilib.”

Vüqar Rəhimzadə vurğulayıb ki, 1993-cü ildə xalqın təkidli
tələbi ilə hakimiyyətə qayıdışından sonra ulu öndər Heydər Əliyevin
ilk görüşünün ziyalılarla olması da təsadüfi deyildi. Ümummilli
Lider ziyalıların qarşısında bu mühüm vəzifəni qoymuşdur ki,
tarixin saxtalaşdırılmasına göz yummamalı, tarixi faktlarla bu
saxtalaşdırmanın qarşısı alınmalıdır: “Tarixi araşdırmaların daha
da genişləndirilməsi, tariximizi özündə əks etdirən kitabların
müxtəlif dillərdə çap olunub dünya ictimaiyyətinə çatdırılması ən
vacib məsələ kimi önə çəkilmişdir. Azərbaycanın çox zəngin tarixə
malik olduğunu qeyd edən Heydər Əliyev siyasi kursunun layiqli
davamçısı Prezident İlham Əliyev bildirmişdir ki, biz öz
tariximizi, reallıqlarımızı dünya miqyasında daha da dolğun təbliğ
etməliyik. Özlüyündə yaranan “Nəyə görə” sualına cavab olaraq
dövlət başçısı bildirir ki, ilk növbədə, bizi tanısınlar, nə qədər
zəngin tariximizin olduğunu görsünlər. Digər tərəfdən, Azərbaycana
qarşı təxribatlar aparılır. Ermənilər Azərbaycan tarixini təhrif
etməyə çalışırlar. Tariximiz bizim böyük sərvətimizdir.”

YAP Xətai rayon təşkilatının sədri erməni vəhşiliyinin bariz
nümunələrindən biri kimi Xocalı faciəsini də xüsusi qeyd edib:
“Tariximizin hər bir səhifəsi bizim üçün əzizdir. Bu səhifələri
vərəqlədikcə tarixdən dərs almaq bir zərurət kimi qarşımızda
dayanır. Dünyaya səs salan 44 günlük İkinci Qarabağ müharibəsində
tarixi Zəfərimiz bu günə qədər dünyanın əksər dövlətlərinin erməni
sevgisi, həqiqətdə isə öz maraqlarını reallaşdırmaq üçün bu xain
toplumdan bir vasitə kimi istifadə etmələri ilə bağlı məqamlara bir
daha işıq saldı. Bu mesaj ünvanlandı ki, ədaləti arxa plana
keçirmək, beynəlxalq hüququn norma və prinsiplərini zamana və
məkana görə tətbiq etmək problemə düzgün yanaşma deyil. Belə hallar
dünya güclərinə qarşı bir etimadsızlıq mühitini yaradır. Hazırda
ölkəmizə səfər edən qonaqların, turistlərin üz tutduqları
ünvanlardan olan Quba kütləvi məzarlğı da dünya ictimaiyyətinə
yaxın tariximizdə baş vermiş faciələrlə bağlı bütün məqamları tam
dolğun şəkildə çatdırır. Quba məzarlığında tapılan insanların
qalıqları üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar
aparılmışdı. Məzarlıqda 500-dək insanın kəllə sümüyü var idı.
Onlardan 50-dən çoxu uşaqlara, 100-dən artığı qadınlara aid idi. Bu
adamların 1918-ci ildə ermənilərin Qubada törətdikləri soyqırımı
qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya
ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək
nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının
xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyevin
Sərəncamı ilə Quba şəhərində Soyqırımı Memorial Kompleksi
yaradıldı.”

Vüqar Rəhimzadə bu ümumiləşdirməni aparıb ki, zaman hakim, tarix
isə yaddaşdır: “Azərbaycanın tarixi faktlara əsaslanan təbliğatı,
diplomatik mübarizədə qələbəsi 44 günlük İkinci Qarabağ
müharibəsində tarixi Zəfərimizdə də öz sözünü dedi. Şanlı
Qələbəmizdən sonra paytaxt Bakıda açıq səma altında salınan Hərbi
Qənimətlər Parkı, Gəncədə yaradılacaq Memorial Kompleks, həmçinin
işğaldan azad edilmiş ərazilərimizdə dil açan hər bir daş, qaya
erməni vəhşiliklərinə və onlara kimlərin havadarlıq etməsinə
şahidlik edir. Reallıq budur ki, həqiqəti ört-basdır etmək, ədaləti
maraqların arxasında gizlətmək mümkünsüzdür. 44 günlük Vətən
müharibəsi bunu bir daha təsdiqlədi.”

Teqlər: