1915-ci il hadisələri ilə bağlı iddialardan imtina etmədikcə, Ermənistanın gələcəyi yoxdur

Azərbaycan əraziləri erməni işğalından azad edildikdən sonra
regionda çoxdan gözlənilən və dayanıqlı sülh üçün yeni reallıqlar
və şərait yarandı. Bu reallıqlardan biri də siyasəti ilə regional
layihələrdən təcrid olunmasına səbəb olan Ermənistanın daha çox
ehtiyac duyduğu Ankara ilə İrəvan arasında münasibətlərin
normallaşması oldu.

2008-ci ildə Türkiyənin ovaxtkı prezidenti Abdulla Gül
tərəfindən Ermənistanla bağlı işə salınan “Futbol diplomatiyası”
ona gətirib çıxardı ki, bir ildən sonra Ankara ilə İrəvan arasında
münasibətlərin normallaşması məqasədilə ilk “addım” atıldı.

Məlum olduğu kimi, bu gün Türkiyənin müxalifət partiyalarından
birinə rəhbərlik edən Türkiyənin ozamankı xarici işlər naziri Əhməd
Davudoğlu ilə Edvard Nalbandyan Sürixdə iki protokol
imzalamışdılar. İmzalanma mərasimində ABŞ dövlət katibi Hillari
Klinton, Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti
üzrə ali nümayəndəsi Xavyer Solana, Fransa və Rusiya xarici işlər
nazirləri Bernar Kuşner və Sergey Lavrov da iştirak etmişdilər.

O zaman bəzi Türkiyə KİV-ləri baş verənlərin mahiyyətini
anlamadan və dərk etmədən yazırdılar: “Bu hadisə yeni Türkiyənin
tarixində ən əlamətdar hadisələrdən biridir”. Bu KİV-lər
protokolların imzalanmasının mənasızlığını başa düşmürdü, belə ki,
Ermənistan 1915-ci il hadisələri ilə bağlı əsas prinsipindən heç
vaxt imtina etməyəcək.

Həmin dövrdə Ermənistan hakimiyyəti hesab edirdi ki, Azərbaycan
ərazilərinin işğalından sonra Ermənistan regionda real gücə
çevrilib və Türkiyə İrəvanla danışıqlara gedərək onu bu cür
tanıyacaq. İrəvanda fikirləşirdilər ki, futbol matçındakı
məğlubiyyətə baxmayaraq, danışıqlar masası arxasında Ermənistanın
qələbəsi təmin olunub.

Bu gün unutmaq lazım deyil ki, o zaman Sürixdə protokolların
imzalanmasına yalnız Türkiyənin indiki prezidenti Rəcəb Tayyib
Ərdoğan rəsmi olaraq qarşı çıxmışdı, o, gözəl başa düşürdü ki,
Azərbaycan torpaqları işğaldan azad olunmayanadək və dünya
erməniləri 1915-ci il hadisələri ilə bağlı iddialarından əl
çəkməyənədək, münasibətləri normallaşdırmaq cəhdləri uğursuzluğa
məhkumdur. O, tamamilə haqlı idi.

Bu gün Ankara ilə İrəvan arasında münasibətlərin normallaşmasına
əsas maneə təbii ki, ermənilərin əsassız olaraq “soyqırımı”
adlandırdıqları 1915-ci il hadisələri olaraq qalır. Halbuki,
Türkiyə dəfələrlə bu hadisələri araşdırmaq üçün müstəqil komissiya
yaradılmasını təklif edib. Amma Ermənistan hakimiyyəti “üzrlü
səbəblərdən” hələ də Türkiyənin bu müraciətinə cavab verməyib.
Siyasi elita üçün bu “üzrlü səbəb” onunla ifadə olunur ki, qondarma
“soyqırımı” iddialarından imtina olunacağı təqdirdə, erməni lobbisi
bir daha Ermənistana sponsorluq etməyəcək, bu da onun
iqtisadiyyatının iflasına gətirib çıxaracaq.

İrəvandakı hakimiyyət bunu yaxşı başa düşür, amma bu faktı qəbul
etmirlər ki, Ermənistanın inkişafı daha çox özündən asılıdır.

İrəvanın siyasi elitası hələ də öz xalqından gizlədir ki,
Azərbaycan və Türkiyə ilə münasibətlər normallaşmadan və 1915-ci il
hadisələri ilə bağlı iddialardan əl çəkmədən, Ermənistan inkişaf
etmək əvəzinə daha da yoxsulluğa düçar olacaq və əmək
miqrantlarının ixracı üzrə yeni rekordlar qıracaq.

Rufiz Hafizoğlu
Trend İnformasiya Agentliyi baş direktorunun müavini

Teqlər: