19 minə yaxın fermerə subsidiya ödənilib

Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) 2021/2022-ci il
payızlıq əkinlərə görə subsidiyaların ödənişini davam etdirir.

Kənd Təsərrüfatı Nazirliyindən AzerTimes-a verilən məlumata görə, belə ki,
fevralın 28-də AKİA tərəfindən payızlıq əkinlərə görə 18 min 900
fermerə ümumilikdə 30 milyon 600 min manat subsidiya ödənişi həyata
keçirilib. Bu gün ödənilən subsidiyalar təxminən 140 min hektara
yaxın əkin sahəsini əhatə edir. Beləliklə, 2021/2022-ci il üzrə
ödənilən əkin subsidiyasının məbləği 92.4 milyon manatı, subsidiya
ödənilən əkin sahəsi isə 440 min hektarı keçib.

Qeyd edək ki, subsidiyalar “Fermer kartı”larına köçürülür.
Fermerlər qanunvericiliyə uyğun olaraq, karta köçürülmüş vəsaitin
25 faizini bankomatlar vasitəsilə nağdlaşdıra, 75 faizini isə
qeyri-nağd şəkildə kənd təsərrüfatı istehsal vasitələri, o cümlədən
mineral gübrə, pestisid, bihomus, herbisid, toxum ala bilər,
həmçinin meyvə bağlarında müasir suvarma sistemlərinin alınmasına
və qurulmasına sərf edə bilərlər.

Həmçinin, AKİA tərəfindən bu gün süni mayalanma yolu ilə alınmış
2097 buzova görə 1579 fermerə 209 min 700 manat subsidiya
ödənilib.


Hazırda payızlıq əkinləri Elektron Kənd Təsərrüfatı İnformasiya
Sistemində bəyan etmiş fermerlərin əkin məlumatları və torpaq
sənədlərinin yoxlanması davam edir. Sahələrində monitorinqlər başa
çatmış, torpaq sahələrindən verdikləri aqrokimyəvi analizin
nəticələrini, sahələri sığorta etdirmələrinə dair müqavilələrin
surətini EKTİS-ə daxil etmiş fermerlərin siyahısı hazırlanır və hər
həftə bu siyahılar üzrə subsidiyaların ödənilməsi elektron qaydada
həyata keçirilir.

Subsidiyaların ödənişi davam edəcək.

Teqlər: