12 May – Beynəlxalq Bitki Sağlamlığı Günüdür

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası
tərəfindən hər ilin 12 may tarixi “Beynəlxalq Bitki Sağlamlığı
Günü” elan edilmişdir.

Bununla bağlı olaraq, mayın 12-də dünyanın bir çox ölkələrində
həmin gün bitki sağlamlığının təmin olunması, ətraf mühitin
qorunması istiqamətində bir sıra tədbirlər həyata keçirilir. Burada
əsas məqsəd bitki örtüyünün məhv olunmasının və ərzaq
çatışmazlığının aradan qaldırılması, yoxsulluğun azaldılması,
həmçinin biomüxtəlifliyin və ətraf mühitin mühafizəsi barədə dünya
əhalisinin məlumatlılığının artırılmasından ibarətdir. Beynəlxalq
Bitki Sağlamlığı Günü çərçivəsində insan, heyvan və ətraf mühit
sağlamlığı arasında birbaşa asılılığı önə çəkən “Vahid sağlamlıq”
konsepsiyasına uyğun keçirilən tədbirlər prosesə öz töhfəsini
verir.

Dünyada Beynəlxalq Bitki Sağlamlığı Günündə əsasən aşağıdakı beş
istiqamətdə tədbirlər həyata keçirilir:

1. BMT-nin 2030-cu il gündəliyinə daxil olan “Sıfır Aclıq”
hədəfinə nail olmaq üçün bitkilərin sağlam saxlanmasının vacibliyi
haqqında məlumatlılığı artırmaq;

2. Beynəlxalq ticarət və səyahət zamanı zərərli orqanizmlərin
yayılması riskini minimuma endirmək üçün lazımi fəaliyyətləri
dəstəkləmək;

3. Bitkiləri və bitki sağlamlığını qorumaq üçün monitorinq və
erkən xəbərdarlıq sistemlərini gücləndirmək;

4. Ətraf mühitin təhlükəsizliyi nəzərə alınaraq, bitki
sağlamlığının qorunması üçün davamlı olaraq zərərvericilərin və
pestisidlərin idarə olunmasını təmin etmək;

5. Bitki sağlamlığına dair innovasiyaların tətbiqi, tədqiqat və
təbliğat işləri üçün investisiyaların təşviqi.

Ölkəmizdə də bitki sağlamlığının təmin olunması, həmçinin ətraf
mühitin qorunması istiqamətində son illərdə bir çox tədbirlər
həyata keçirilib. Eyni zamanda 12 May – Beynəlxalq Bitki Sağlamlığı
Günündə müvafiq təşkilatlarla birgə Agentlik tərəfindən silsilə
tədbirlər görülür. Həmin tədbirlər çərçivəsində respublika ərazisi
üzrə bitki sağlamlığının təmin olunması ilə bağlı keçirilən
monitorinqlərin nəticələrinin açıqlanması, bitkiçilik sahəsində
fəaliyyət göstərən sahibkarlıq subyektləri ilə çoxsaylı görüşlər,
həmçinin əhali arasında geniş təbliğat-təşviqat tədbirləri həyata
keçirilir.

Onu da qeyd edək ki, qida təhlükəsizliyinin təmin olunmasında
müstəsna rola malik olan bitki sağlamlığının qorunması, həmçinin
xəstəliklərin, zərərvericilərin vaxtında aşkarlanaraq onlara qarşı
effektiv mübarizə tədbirlərinin görülməsi məqsədilə son illər bir
sıra ciddi işlər görülüb. Nəzarət tədbirləri çərçivəsində
respublikamıza başqa dövlətlərdən karantin tətbiq edilən zərərli
orqanizmlərin daxil olmasının və yayılmasının qarşısının alınması,
eləcə də ölkə ərazisində fitosanitar sabitliyin təmin edilməsi üçün
ardıcıl olaraq fitosanitar monitorinqlərin aparılması və laborator
müayinələrin həyata keçirilməsi təmin edilmişdir. Bu sahədə
fəaliyyət göstərən, müasir maddi-texniki bazaya və peşəkar kadr
potensialına malik olan Mərkəzi Fitosanitar Laboratoriyasında
entomoloji, herboloji, fitohelmintoloji, mikoloji, o cümlədən
ölkəmizdə ilk dəfə olaraq bakterioloji və virusoloji ekspertizalar
həyata keçirilir.

Kənd təsərrüfatı bitkilərinin inkişafının yaxşılaşdırılması,
məhsuldarlığın artırılması, eləcə də onların müxtəlif xəstəlik və
zərərvericilərdən qorunması üçün pestisidlərdən və aqrokimyəvi
maddələrdən geniş istifadə olunur. Qida Təhlükəsizliyi İnstitutunun
Kompleks Tədqiqatlar Laboratoriyasında beynəlxalq metodlardan
istifadə edərək, pestisid və aqrokimyəvi maddələrin laboratoriya
sınaqları həyata keçirilir. Laboratoriyada əsasən pestisidlərin
təsiredici maddələrinin miqdarı, aqrokimyəvi maddələrin isə element
tərkibi və digər keyfiyyət göstəriciləri təyin edilir.

Ölkəmizin qeyri-neft sektorunda ixrac məhsulları arasında
bitkiçilik məhsulları üstünlük təşkil edir. Qida Təhlükəsizliyi
İnstitutunun Milli Referens Laboratoriyasında meyvə-tərəvəz
məhsullarında pestisidlərin qalıq miqdarları təyin olunur.

Beynəlxalq tələblərə əsasən, ümumilikdə laboratoriyada təyin
olunan pestisid çeşidi 6-dan artırılmış, hazırda 600-dən
çoxdur.

Teqlər: