10 turistik kənddə infrastruktur layihələri həyata keçiriləcək – Turizm Bürosu

Qarşıdakı 4 il ərzində Azərbaycanın ən gözəl 10 turistik
kəndində infrastruktur layihələr həyata keçiriləcək.

Bu barədə Trend-in suallarını cavablandırarkən Azərbaycan
Turizm Bürosunun Regional inkişaf bölməsinin müdiri Hüseyn Məmmədov
bildirib.

Onun sözlərinə görə, son 1 il ərzində Dövlət Turizm Agentliyi
ölkənin 22 şəhər və rayonunda fəaliyyət göstərən bütün kənd və
qonaq evlərinin reyestrini aparıb.

“Onların əsas ehtiyacları və hansı problemlərlə üzləşdikləri
öyrənilib. Sorğu nəticəsində gördük ki, onların infrastruktur
dəstəyinə ehtiyacları var və daha yaxşı fəaliyyət göstərmələri üçün
inventarlar verilməlidir. Ən əsas problemlərdən biri də satışla
əlaqəlidir. Bununla əlaqədar Kiçik və Orta Biznesin İnkişafı
Agentliyi (KOBİA) və Dövlət Məşğulluq Agentliyi ilə proqram həyata
keçirildi. Bu layihə çərçivəsində 70-dən çox kənd evinə həm
infrasturktur dəstəyi göstərildi, həm də 10 min manat dəyərində
inventarlar verildi”.

H.Məmmədov qeyd edib ki, satış məsələsi ilə bağlı problemin
üzərində də iş aparılır:

“200-ə yaxın kənd evini “Booking” platformasına inteqrasiya
edirik. Hansı ki, onlar qarşıdakı illərdə yalnız mövsümdə yox,
digər dövrlərdə də öz evlərini daha çox turistə kirayə verə
biləcəklər. Bundan əlavə BMT-nin İnkişaf Proqramının (UNDP) kənd
turizmin inkişafı ilə bağlı 4 illik proqramı var. İlkin olaraq
qarşıdakı 4 il ərzində Azərbaycanın 10 ən gözəl turistik kəndində
infrastruktur layihələri həyata keçiriləcək. Hələki həmin kəndlərin
siyahısı dəqiqləşdirilməyib”, – deyə qurum rəsmisi bildirib.

Teqlər: