10 il əvvəl törədilən cinayətin üstü açıldı: Qatil dayısı oğlu imiş

Prokurorluq və polis orqanları tərəfindən əvvəlki illərdə
törədilərək bağlı qalmış cinayətlərin açılması istiqamətində işlər
davam etdirilir.

Baş prokurorluqdan AzerTimes-a verilən məlumata görə, 21.06.2012-ci
il tarixdə Abşeron rayonu, Saray qəsəbə sakini Bayramov Ceyhun
Yunis oğlunun Xəzər dənizinin Sumqayıt şəhəri Novxanı çimərliyinə
aid hissəsində dənizdə çimərkən boğulub ölməsi faktı ilə bağlı
Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq
Qubadlı rayon prokurorluğunda ibtidai istintaq aparılmış,
istintaqla cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən
edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla
dayandırılıb.

Bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən
istintaq-əməliyyat tədbirləri ilə 10 il əvvəl törədilmiş cinayətin
üstü açılaraq Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən
qəsdən öldürülməsi müəyyən edilib.

Fuad Qasımov 08.02.2022-ci il tarixdə rayon prokurorluğunda
dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə
dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.

İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Fuad Qasımov
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə
təqsirləndirilən şəxs qismində cəlb edilməklə rayon məhkəməsinin
qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Teqlər: