10 evdən su sayğacı oğurlayan və narkotik vasitlərin satışı ilə məşğul olan şəxslər saxlanılıblar (FOTO/VİDEO)

Nərimanov rayonunda müxtəlif vaxtlarda 10 mənzilə quraşdırılmış
su sayğaclarını oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Trend xəbər verir ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı
Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat
nəticəsində qeyd edilən oğurluqları törətməkdə şübhəli bilinən
paytaxt sakini Hüseyn Eldarov tutularaq istintaqa təqdim edilib.
Həmin şəxs ifadəsində oğurladığı sayğacları hissələrə ayıraraq
metal qəbulu məntəqələrinə satdığını bildirib. Oğurlanan
sayğaclardan bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi
sübut kimi götürülüb. Hüseyn Eldarovun sayğacları oğurlaması
təhlükəsizlik kameraları vasitəsi ilə də lentə alınıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin
əməkdaşlarının narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı
həyata keçirdikləri digər bir əməliyyat zamanı Bakı şəhər sakini
Kamil Əliyev saxlanılıb. Onun üzərinə baxış zamanı satış məqsədi
ilə sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində
yaşayan narkotacirdən əldə etdiyi 1 kiloqramdan artıq heroin aşkar
edilib. Kamil Əliyev ifadəsində narkotik maddələrin satışı ilə
məşğul olduğunu bildirib.

Faktlarla bağlı 16-cı Polis Bölməsində toplanan materiallar
Nərimanov Rayon Polis İdarəsinə göndərilib. Hüseyn Eldarov və Kamil
Əliyev ətrafında əməliyyat-istintaq tədbirləri davam edirilir.

Teqlər: