Zülfüqar Hüseynzadənin xatirəsi yad edildi – Foto

Zülfüqar Hüseynzadənin xatirəsi yad edildi – Foto

Bu gün Sosial Tədqiqatlar Mərkəzində “Moderator.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru jurnalist Zülfüqar Hüseynzadənin anım mərasimi keçirilib. Mərasimdə jurnalistin qələm dostları onunla bağlı xatirələrini bölüşüblər.

AzerTimes xəbər verir ki, tədbirdə mərhum jurnalistin yaxın dostları, ailə üzvləri, həmkarları və millət vəkilləri iştirak ediblər.

Xatirə gecəsində əvvəlcə 44 günlük Vətən müharibəsində şəhid olanların və jurnalistin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kadrlarda müxtəlif tədbirlərdə çıxışları, xarici ölkələrə səfərləri və digər maraqlı məqamlar əks olunub. Daha sonra həyat və fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib.

Tədbiri giriş sözü ilə açan millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Zülfüqar bəy vətəninə, elinə çox bağlı idi:

“O həmişə Başlıbeldən danışırdı. O həmişə nənəsindən danışırdı. Ailəyə, millətə bağlı idi. Zülfüqar hər tərəfli adam idi. Həm siyasətçi, tarixçi, yazıçı idi. Təklif edərdim ki, onun adına mükafat olsun”.

Tədbirdə tanınmış jurnalistlər “Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camal, Qulu Məhərrəmli, Umud Mirzəyev, “Yeni Müsavat” Media Qrupunun təsisçisi və rəhbəri Rauf Arifoğlu, Nazim Sabiroğlu, Ceyhun Musaoğlu və digərləri iştirak ediblər.

Tədbir iştirakçıları mərhum jurnalist ilə bağlı xatirələrindən danışaraq, onun peşəkar jurnalist keyfiyyətlərinə toxunublar.

“Teleqraf Holdinq”in rəhbəri Aynur Camal Zülfüqar bəylə olan xatirələrini bölüşüb.

O qeyd edib ki, Zülfüqarla bağlı xatirələrdən danışarkən kədərlənməmək mümkün deyil:

“O bizim aramızdan çox tez getdi. Əslində dağ adamları uzun ömürlü olur. Lakin Zülfüqarın içindəki Qarabağ ağrısı onu bizdən tez aldı. Bizim nəslin həyatından Qarabağ münaqişəsi tank kimi keçdi. Hamımız o ağrı-acının altında əzildik. Taleyimizdə sağılmaz bir yara buraxdı. Həmkarımızın əsas dərdi fiziki ağrılar, xəstəlik deyildi. Kəlbəcər idi… Başlıbel idi… Özüm Tərtər rayonundayam həmişə onunla zarafatlaşırdım ki, səni qoymayacam Kəlbəcərə keçəsən. Yolda kəsəcəm qabağını. Bir tərəfdən də şadam ki, Zülfüqar Başlıbeli görüb, dünyasını dəyişdi. İnanıram ki, o bizi izləyir və üzü gülür”.

Qeyd edək ki, “Moderator” saytının rəhbəri, tanınmış jurnalist Zülfüqar Hüseynzadə iyunun 18-də Kəlbəcərdə vəfat edib. Kəlbəcərin Başlıbel kəndində alaçıq quraraq, gecəni kənddə keçirən jurnalistin sabaha yaxın səhhəti qəfil pisləşib və o, ürəktutmadan vəfat edib. Z. Hüseynzadənin 52 yaşı vardı. Başlıbel kəndinin digər sakinləri kimi Zülfüqar bəy də erməni vəhşiliyinin əziyyətini çəkib. Başlıbel qətliamında ermənilər onun da yaxınlarını qətlə yetiriblər. Uzun illər o, çətin, ağrılı məcburi köçkün həyatı yaşayıb. Kəlbəcər işğaldan azad edildikdən sonra tez-tez ora səfər edir, Başlıbeldə yaxınlarının məzarlarını ziyarət edirdi.

Teqlər: