Ziraat Bank Azərbaycan nizamnamə kapitalını artırıb (FOTO)

Türkiyə Respublikasına məxsus, 158 illik tarixə malik “Ziraat
Maliyyə Qrupu”nun üzvü olan “Ziraat Bank Azərbaycan” ASC-nin
səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın nizamnamə
kapitalının artırılması haqqında qərar qəbul edilmişdir.

Bankdan təqdim edilən məlumata əsasən kapital artımı bankın əsas
səhmdarı olan T.C.Ziraat Bankası A.Ş. –nin vəsait qoyuluşu hesabına
baş vermişdir. Nizamnamə kapitalının artımı 15 mln 500 min manat və
ya 31 % təşkil etmişdir. Dəyişiklikdən sonra “Ziraat Bank
Azərbaycan” ASC-nin nizamnamə kapitalı 65 mln manata yüksəlmişdir.
Qeyd edək ki, kapital artımı nəticəsində səhmdarların payları
nisbətində dəyişiklik baş verməmişdir. Beləliklə də bankın əsas
səhmdarları T.C. Ziraat Bankası səhmlərin 99.98%, Ziraat Teknoloji
ASC 0.01% və Ziraat Yatırım Menkul Değerler 0.01% hissəsinə sahib
olmaqdadır.

Bankdan təqdim edilən məlumata görə kapital artımında əsas
məqsəd, bankın uzunmüddətli inkişaf strategiyasının uğurla həyata
keçirilməsini təmin etməkdən ibarətdir. Eyni zamanda nizamnamə
kapitalının artımı bankın real sektora kredit qoyuluşlarının
həcminin artırılmasına da xidmət edəcəkdir.


“Ziraat Bank Azərbaycan” ASC Azərbaycan Respublikasının Mərkəzi
Bankı tərəfindən verilmiş 30.12.2014-cü il tarixli 255 nömrəli
lisenziya əsasında fəaliyyət göstərir. Bank korporativ və pərakəndə
bankçılıq sahəsində məhsul və xidmətlərini Bakı, Gəncə və Sumqayıt
şəhərlərində yerləşən ümumi 7 filialı ilə yanaşı, rəqəmsal satış və
xidmət platformaları üzərindən müştərilərə təqdim edir.

Bankın təqdim etdiyi məhsul və xidmətlər haqqında daha ətraflı
məlumatı, Bankın Linkedin,
Instagram,
Twitter, Facebook sosial media
hesablarından və ya *9229 qısa nömrəsinə zəng edərək əldə edə
bilərsiniz.

Teqlər: