8 sentyabr 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondu “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri ilə görüş keçirib. Görüşdə iştirak edən Ziraat Bank Azərbaycan-ın İdarə Heyətinin Sədri Dr. Selçuk Demir, Bankın işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərinə dəstək verdiyi üçün, Qarabağ Dirçəliş Fondu tərəfindən xüsusi sertifikatla təltif edilib.
Görüşdə Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının sədri Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov, Müşahidə Şurasının üzvü Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankının sədri Elman Rüstəmov, Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev, həmçinin ABA-nın Rəyasət Heyətinin üzvləri və bank sektorunun nümayəndələri iştirak ediblər.
Keçirilən tədbirdə dağıdılmış binaları, yerlə-yeksan olunan tarixi abidələri əks etdirən “Qarabağda Urbisid” adlı sənədli film nümayiş olunub. Tədbirdə həmçinin Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyası arasında əməkdaşlığa dair Memorandumun imzalanacağı barədə məlumat açıqlanıb. Eyni zamanda Qarabağ Dirçəliş Fondu ilə Azərbaycan Banklar Assosiasiyasının birgə layihələrinin həyata keçirilməsi üçün işçi qruplarının yaradılmasına dair qərar verilib.
Qeyd edək ki, Ziraat Bank Azərbaycan işğaldan azad olunan ərazilərdə bərpa, quruculuq və abadlıq işlərinin aparılması məqsədilə cari ilin fevral ayında “Qarabağ Dirçəliş Fondu”na 100.000 manat məbləğində vəsait köçürüb. Bank, müharibə dönəmində Qarabağın yenidən qurulmasında iştirakı ilə yanaşı, həmçinin Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Yardım Fonduna ianə, Türkiyədən daxil olan yardımlar üzrə köçürmə komissiyasını ləğv etmiş, müharibədə çalışan həkimlərə dəstək olaraq tibbi ləvazimat göndərmişdir.
“Ziraat Bank Azərbaycan” ASC Türkiyənin 157 illik tarixə malik Ziraat Maliyyə Qrupuna daxil olan Bank olaraq Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilən 30.12.2014-cü il tarixli 255 nömrəli lisenziya əsasında fəaliyyət göstərir. Korporativ və pərakəndə bankçılıq sahəsində məhsul və xidmətlər təklif edən “Ziraat Bank Azərbaycan” ASC-nin ölkə ərazisində Bakı, Gəncə və Sumqayıt şəhərlərində ümumi 6 filialı ilə təmsil olunur.