Zəvahirinin ölümü Talibanla razılaşdırılıb? – İddia

Zəvahirinin ölümü Talibanla razılaşdırılıb? – İddia

Bir neçə gün öncə ABŞ-ın həyata keçirdiyi əməliyyat nəticəsində öldürülən Əl-Qaidə lideri Ayman əl-Zəvahirinin dəfni ilə bağlı Taliban rəhbərliyi arasında fikir ayrılıqları var.

AzerTimes xəbər verir ki, bu barədə əfqan jurnalist Bilal Sərvəri yazıb.

“Məsələn, Əfqanıstan təhsil naziri təmtəraqlı dəfn mərasiminin keçirilməsində israrlıdır. Xarici işlər naziri Əmirxan Muttaki və bir sıra Taliban liderləri isə onunla razılaşmır”, – Sərvəri bildirib.

Sərvəri Zəvahirinin Kabilin elit rayonundakı 4 mərtəbəli, 17 otaqdan ibarət evdə yaşadığını bildirib. Onun sözlərinə görə, Əl Qaidə lideri Kabil polisinin rəhbəri Molla Həmzə ilə qonşu olub, hətta əvvəlcə elə biliblər ki, zərbə onun evinə endirilib.

Jurnalist qeyd edib ki, Əl Qaidə liderinin öldürülməsi əksər Taliban liderləri üçün sürpriz olub, bəziləri hətta onun Kabildə gizləndiyindən xəbərsiz olublar. Ehtimal olunur ki, Zəvahiri Əfqanıstan daxili işlər naziri Siracuddin Hakkaninin himayəsi altında gizlənib. Çünki Zəvahirinin yaşadığı ev Hakkaninin köməkçisi Molla Zeynullaya məxsus olub.

Qeyd edək ki, Hakkani Talibanda daha radikal qanada rəhbərlik edir və Əl Qaidə ilə sıx əlaqələrə malikdir. Hətta onu “Taliban içində Taliban” da adlandırırdılar. ABŞ Hakkaninin başı üçün 5 milyon dollar mükafat təyin edib.

Jurnalist onu da vurğulayıb ki, Zəvahirinin öldürülməsindən bir neçə gün öncə ABŞ və Taliban nümayəndələri Daşkənddə Əfqanıstan Milli Bankına məxsus 3.5 milyard dolların geri qaytarılması məsələsini müzakirə etmişdilər. O zaman ABŞ taliblərə kömək üçün bu istiqamətdə işləri sürətləndirəcəyinə söz vermişdi.

Teqlər: