Zərərçəkmişlər hakim heyətinə etiraz etdi – Arvadını bölmədə güllələyən polisin məhkəməsində

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda polis bölməsində həyat
yoldaşını qətlə yetirməkdə təqsirləndirilən polis əməkdaşı İsmayıl
Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə
keçirilən prosesdə qətlə yetirilən qadının ailə üzvləri məhkəmə
tərkibinə etiraz edib. Zərərçəkmişlər bildiriblər ki, məhkəmə
istintaqı düzgün aparılmır. Zərərçəkmişlərin vəkili hakim tərkibinə
rəsmi etiraz hazırlamaq üçün məhkəmədən vaxt istəyib.

Proses martın 15-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu il sentyabrın 30-da Nizami Rayon Polis
İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınıb.

Belə ki, Xanım Məmmədova əri, Nizami Rayon Polis İdarəsinin Post
Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov
tərəfindən qətlə yetirilib.

İstintaqla müəyyən edilib ki, İsmayıl Məmmədov xidmətdə olarkən
həmin vaxt 24-cü Polis Şöbəsinin inzibati binasında arvadı Xanım
Məmmədovanı onun tərəfindən döyülməsi ilə əlaqədar müraciəti
əsasında aparılan araşdırma gedişində izahatı alınarkən azyaşlı
övladlarının gözü qarşısında üzərində gəzdirdiyi xidməti silahla 15
dəfə atəş açaraq qəsdən öldürüb.

İş üzrə toplanan kifayət qədər sübutlar əsasında İsmayıl
Məmmədova Cinayət Məcəlləsinin 120.2.3 (zərərçəkmiş şəxsin xidməti
vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun
özünü və ya yaxın qohumlarını öldürmə), 120.2.4 (xüsusi
amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 128-ci
(qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə ittiham elan
edilmiş və barəsində həbs qətimkan tədbiri seçilib.

Teqlər: