Ombudsman Edillidəki kütləvi məzarlıqla bağlı müraciət yayıb

Ermənistan tərəfindən Birinci Qarabağ müharibəsi dövründə əsir
və girov götürülmüş azərbaycanlılar amansız işgəncələrə məruz
qoyulmaqla qətlə yetirilmiş, daha sonra onların nəşləri kütləvi
şəkildə basdırılmışdır.

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov
götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi
qrupunun topladığı şahid ifadələri və materiallar əsasında daha bir
kütləvi məzarlıq Xocavənd rayonunun Edilli kəndində aşkar edilib.
Burada Ermənistan silahlı qüvvələri tərəfindən işğal dövründə
girovluqda saxlanılarkən qətlə yetirilmiş 15-20 nəfər azərbaycanlı
mülki şəxsin nəşinin 3 metr dərinlikdə basdırıldığı məlum olmuşdur.
Bu kəndin ərazisində başqa kütləvi məzarlıqların da olması ehtimal
edilir.

Bu isə beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq
normalarının, o cümlədən, “Müharibə qurbanlarının müdafiəsi
haqqında” 1949-cu il tarixli Cenevrə Konvensiyalarının, xüsusilə də
“Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” Konvensiyanın
və ona dair 1977-ci il tarixli I Əlavə Protokolun müddəalarının
Ermənistan tərəfindən kobud şəkildə pozulmasıdır.

İşğaldan azad edilmiş ərazilərimizdə, xüsusən Xocavənd,
Kəlbəcər, Ağdam və Füzuli rayonlarında, eləcə də Şuşa şəhərinin
ətrafında bir çox kütləvi və fərdi məzarların olması ilə bağlı
məlumatlar vardır.

Bu ərazilər minalardan təmizləndikcə aşkara çıxan kütləvi
məzarlıqlar Ermənistanın Azərbaycanlılara qarşı etnik təmizləmə və
soyqırım siyasətini, dinc insanlara qarşı törətmiş olduğu müharibə
cinayətlərini bir daha sübut edir. Bütün bu faktlar Ermənistanın
beynəlxalq hüquqi məsuliyyətə cəlb olunması üçün əsasdır.

Teqlər: