Zərərçəkmiş şəxsə borcun əvəzinə tapança verdim – Maksud Mahmudov

Xəbər - Samir Əli – Trend:

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə
məhkəmə prosesi başlayıb.

Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin
sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş qismində ifadə verən
Dövlət Gümrük Xidmətində işləmiş İlham Kərimov bildirib ki,
təqsirləndirilən şəxs ondan 57 min manata 32 ədəd qızıl beşlik
sikkə alıb: “Lakin bu günə qədər nə pulu, nə sikkələri geri ala
bilməmişəm. Maqsud Mahmudovu 10 ildən artıqdır tanıyıram. Buna görə
etibar edib razılaşdım. Əvvəl söz verdi ki, bir ay ərzində pulu
ödəyəcək. Sonralar da eşitdim ki, Ukraynaya gedib. Mən verdiyim
silkələri tələb edirəm”.

Maqsud Mahmudov bildirib ki, həmin qızıl beşlikləri əvvəl
verdiyi brilliant tapança ilə əvəz edib: “Zərərçəkmiş şəxslə
beşlikləri almazdan üç gün əvvəl görüşümüz oldu. Həmin vaxt İlhama
28 min manat dəyərində tapança verdim, bununla da əvəzləşmiş
olduq”.

Zərərçəkmiş şəxs Maqsud Mahmudovun dedikləri ilə razılaşmayaraq
həmin söhbətin bu məsələyə aidiyyəti olmadığını deyib.

Daha sonra zərərçəkmiş qismində ifadə verən, qızıl alış-verişi
ilə məşğul olan şirkətdə işləyən Məzahir Ağayev isə Maqsud
Mahmudovun ona 100 min manat borcu olduğunu bildirib: “Həmin vaxt
kirayədə yaşayırdım, şəxsi evimin olmaması yaralı yerim idi. Maqsud
da boş damarımı tutdu, 100 min manatlıq qızıl verdim. Birlikdə
danışığımız əks olunmuş videogörüntü də var. Bu günə qədər də pulu
ala bilməmişəm”.

Maqsud Mahmudov zərərçəkmiş şəxsin ifadəsinin doğru olmadığını
bildirərək ona borcun əvəzində mənzil verdiyini deyib.

Növbəti proses fevralın 21-nə təyin olunub.

Qeyd edək ki, M.Mahmudova Cinayət Məcəlləsinin 178.3.2
(dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.2 (
(təkrar hədə-qorxu ilə tələb etmə) və 133.2.2 (xüsusi dəyəri olan
əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan
olunub. Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa
verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna
ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana
gətirilərək istintaqa təhvil verilib.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.

Teqlər: