12 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi
işçilərinin Həmkarlar İttifaqının təşkilatçılığı və Qarabağ
Dirçəliş Fondunun dəstəyi ilə 44 günlük Vətən müharibəsində
canlarını fəda etmiş şəhidlərimizin analarının və FHN-in qadın
əməkdaşlarının ümumi sayına uyğun işğaldan azad olunmuş Zəngilan
rayonu ərazisində ağacəkmə aksiyası keçirilib.
Beynəlxalq Qadınlar Gününə həsr olunan ağacəkmə aksiyasında
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqının sədri
Mehman İsmayılov, Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər
nazirliklərinin, Qarabağ Dirçəliş Fondunun nümayəndələri, həmçinin
44 şəhid anası iştirak edib.
Aksiya iştirakçıları əvvəlcə Zəngilan rayonunun girişində
yerləşən şəhid məzarlığını ziyarət edərək üzərinə gül dəstələri
düzüblər. Şəhidlərin əziz xatirəsi ehtiramla anılıb.
Daha sonra aksiya iştirakçılarının iştirakı ilə tədbir keçirilib.
Tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin
Həmkarlar İttifaqının sədri Mehman İsmayılov deyib ki, 44 günlük
Vətən müharibəsində qazandığımız möhtəşəm Qələbə sayəsində 30 ilə
yaxın müddətdə Ermənistanın işğalı altında olan torpaqlarımız
düşməndən azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Prezident,
Müzəffər Ali Baş Komandan İlham Əliyev beynəlxalq təzyiqləri
layiqincə dəf edərək erməni faşizminə qarşı Vətən müharibəsində
şanlı Ordumuzun hərbi-strateji əməliyyatlarına məharətlə rəhbərlik
edib, diplomatiya, informasiya və siyasi fəaliyyət istiqamətində
misilsiz tarixi nailiyyətlərə imza atıb, tarixi ədaləti bərpa edib. “Qarabağ Azərbaycandır və nida” həqiqəti “dəmir yumruq”
əməliyyatında Böyük Qələbəmizin, Zəfərimizin rəmzinə çevrilib.
Sözünə davam edən M.İsmayılov torpaqlarımızın azadlığı uğrunda
misilsiz qəhrəmanlıq göstərərək canlarından keçən şəhidlərimizin
xatirəsinin daim uca tutulacağını vurğulayaraq bildirib ki,
şəhidlərimiz bizim azadlıq, müstəqillik, yenilməzlik, qəhrəmanlıq
simvolumuzdur. İgidlərimizin qəhrəmanlığı və mübarizliyi ilə 30
illik həsrətə son qoyulub, Qarabağımıza böyük qayıdış başlayıb.
Qarabağın hər yerində, o cümlədən Zəngilanda üçrəngli müqəddəs
Azərbaycan bayrağı dalğalanır. Bugünkü ağacəkmə aksiyasının əsas
məqsədlərindən də biri şəhidlərimizin əziz xatirəsinin
əbədiləşdirilməsinə töhvə verməkdir.
Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar İttifaqı
tərəfindən tədbirdə iştirak edən şəhid analarına ianə sertifikatı
və qiymətli hədiyyələr təqdim edildikdən sonra ağacəkmə prosesinə
start verilib. Şəhid anaları, Fövqəladə Hallar Nazirliyi
işçilərinin Həmkarlar İttifaqı və Qarabağ Dirçəliş Fondunun
nümayəndələrinin iştirakı ilə ilkin olaraq 300 ağac tingi torpağa
basdırılıb.
Xatırladaq ki, Fövqəladə Hallar Nazirliyi işçilərinin Həmkarlar
İttifaqı tərəfindən İkinci Qarabağ müharibəsi şəhidlərinin əziz
xatirəsinin əbədiləşdirilməsi üçün işğaldan azad olunan ərazilərdə
ətraf mühitə vurulan zərəri aradan qaldırmaq, ekoloji tarazlığın
bərpasına şəhid analarının adından töhfə vermək məqsədilə
Zəngilanda meşə massivinin salınması layihəsi çərçivəsində Vətən
müharibəsində canlarını fəda etmiş şəhidlərimizin analarının və
FHN-in qadın əməkdaşlarının ümumi sayına uyğun miqdarda ağacın
əkilməsi ilə əlaqədar Qarabağ Dirçəliş Fonduna 55 min manat vəsait
ianə edilib.