Zəngilan. Trend:
Bu il avqust ayının sonunda Zəngilan Beynəlxalq Hava Limanında
tikinti işləri tamamlanacaq.
Bu barədə Trend-ə açıqlamasında “Azərbaycan Hava Yolları”
QSC-nin nümayəndəsi Valeh Əmiraslanov deyib.
O qeyd edib ki, tikinti işlərinə 2021-ci ilin aprelin 26-da
başlanılıb, may ayında isə ANAMA tərəfindən ərazinin minalardan və
PHS-dan təmizlənməsinə start verilib
“Paralel olaraq təmizlənmiş ərazidə “AzVirt” şirkəti tərəfindən
uzunluğu 3 kilometr, 60 metr olan uçuş-enmə zolağının torpaq
qatının qazıntısı aparılıb. Sahəsi 60 min kvadrat metr olan və 8
hava gəmisi üçün nəzərdə tutulan perronda uzunluğu 600 metr olan
sükan yolunun tikintisinə başlanılıb. Bu müddət ərzində paralel
olaraq sahəsi 5 min kv. metr olan terminal binasının dəmir-beton
konstruksiyası işləri görülüb. Artıq dəmir-beton konstruksiya
işləri tamamlanıb, dam örtüyünün bağlanması üzrə iş gedir. İşin 80
faizi yerinə yetirilib və yaxın günlərdə bu işlər də yekunlaşacaq”,
– deyə o bildirib.
V.Əmiraslanov əlavə edib ki, hava limanının elektrik enerjisi
ilə təmin olunması üçün uzunluğu 10 kilometr olan 35 kVt/saatlıq
hava xətti çəkilib, gücü 1000 kVt/saat olan yarımstansiyasının
inşası başa çatdırılıb.
“Fasiləsiz elektrik enerjisinin təmin olunması üçün gücü 1000
kVt/saat olan generator alınıb. Bütün avadanlıqlar Türkiyə,
Almaniya və İtaliya istehsalıdır. Hazırda terminal binasının
daxilində elektrik, mexanik, arakəsmə divarlarının inşası, memarlıq
işləri həyata keçirilir. Hava limanının istiliklə təchiz edilməsi
üçün qazanxana binası inşa olunub. Dərinliyi 250 metr olan artezian
qazılıb. Uçuş-enmə zolağında gecə uçuşlarının təmin edilməsi üçün
transformator binalarının tikintisi yerinə yetirilir. Onlar da iyun
ayında istismara veriləcək. Uçuş-enmə zolağında 2 kilometr
uzunluğunda 45 metr enində iri fraksiyalı asfalt örtüyü tam yerinə
yetirilib. İşlər davam etdirilir. Hazırda aeronaviqasiya üçün
nəzərdə tutulan qurğular arasında elektrik və rabitə xəttinin
çəkilməsi prosesi yerinə yetirilir”,- deyə o bildirib.
Onun sözlərinə görə, Zəngilan Beynəlxalq Hava Limanı 2 mərhələdə
istismara veriləcək.
“İlk olaraq uçuş-enmə zolağı və hava gəmilərinin idarə edilməsi
qülləsi iyulda istismara veriləcək.Hava limanı saatda 200
sərnişinin uçması üçün nəzərdə tutulub. Avqust ayında ikinci
mərhələdə isə hava limanında işlər bütövlükdə tamamlanacaq. Burada
uçuş kütləsi 400 ton olan sərnişin və yük təyyarələrinin qəbulu
mümkündür”,- deyə o qeyd edib.