Zəngəzurdan İrana nə? Öz işi ilə məşğul olsun

Zəngəzurdan İrana nə? Öz işi ilə məşğul olsun

Türkiyənin ölkəmizdəki keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıçın AzerTimes-a müsahibəsi:

– Təəssüf ki, 44 günlük Vətən müharibəsinin bitməsindən 2 ilə yaxın müddət keçməsinə baxmayaraq, Ermənistan Azərbaycanın sülh çağırışlarına cavab vermir. Əksinə, təxribat və dezinformasiya ilə məşğuldur. Sizcə, sülh müqaviləsini imzalamaq mümkün olacaqmı?

– 31 avqustda Şarl Mişelin vasitəçiliyi ilə cənab İlham Əliyev və Paşinyan Brüsseldə görüşdü. Orada verilən qərara görə, sentyabr ayında xarici işlər nazirləri görüşməli, noyabrda isə dövlət rəhbərlərinin görüşündə sülh müqaviləsinin yekun mətni razılaşdırılmalı idi. Türkiyə də bu irəliləyişə sevindi. Hətta Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində xüsusi nümayəndələrin növbəti görüşü təyin edildi. Lakin 12-14 sentyabr təxribatı hər şeyi alt-üst etdi. Həmin təxribatlar zamanı şəhidlər verdik, ancaq onların intiqamı Ermənistandan misli ilə alındı. Amma Türkiyə və Azərbaycan proseslərin bu cür inkişafını istəmir. Türkiyə xüsusi nümayəndələrin görüşünü də təxirə saldı. Biz öncə Ermənistanın Azərbaycanla sülh müqaviləsini imzalamasını, sonra münasibətlərin normallaşdırılmasını istəyirik. Paşinyanın üzərindəki təzyiqləri də çox yaxşı görürük. ABŞ və Fransa kimi dövlətlər oyunun içinə girmək üçün sülh müqaviləsinin imzalanmasını gecikdirməyə çalışırlar. Paşinyan Səmərqənddə keçirilən Şanxay Zirvə Toplantısına da qatılmadı. Bunun bir səbəbi ölkə daxilindəki qarışıqlıq idi. Lakin o, Səmərqəndə getməməklə Qərbə Putinin yanında olmadığı mesajını da verdi. Bundan başqa, Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev Putinlə görüşdülər. Paşinyan isə vəziyyətinin ağır olacağını düşünüb, oraya qatılmadı. Hikmət Hacıyevlə Armen Qriqoryanın, eyni zamanla xarici işlər nazirlərinin görüşləri müsbət hadisədir. Noyabrda ölkə rəhbərlərinin növbəti görüşünün baş tutacağına və sülh müqaviləsi ilə bağlı irəliləyişlərin əldə olunacağına ümid edirəm. Ancaq qeyd etdiyim ki, prosesə əngəl olmaq istəyənlər var.

– Paşinyan bir neçə gün öncə Tvitter səhifəsində bölgəyə beynəlxaq müşahidəçi missiyasının yerləşdirilməsini zərurət adlandırdı. Bu istək bölgəni daha çətin və ağır mərhələyə sürükləyə bilərmi?

– Əgər Paşinyan yeni bir beynəlxalq missiyadan danışırsa, bu o deməkdir ki, o, rus sülhməramlıları sözügedən statusda görmür. Bölgədə artıq mövcud bir mexanizm var. Bunu dəyişdirmək və əlavələr etmək yaxşı heç nə vəd etmir. Təhlükəli demək istəmirəm, çünki təhlükəni yaradan özləridir, onun da cavabını Azərbaycan layiqincə verir. Rus sülhməramlılar müvəqqəti olaraq Azərbaycan ərazisinə yerləşdirilib. Onlar da 5 illik müddət bitdikdən sonra çıxıb gedəcəklər. Biz sülh müqaviləsinin imzalanmasını və normal qonşuluq münasibətlərinin qurulmasını istəyirik. ABŞ və Fransanın bölgəyə hərbi güc göndərməsinə isə nə Rusiya, nə də Azərbaycan imkan verər.

– 10 noyabr üçtərəfli bəyanatında Zəngəzur dəhlizinin açılması məsələsi də öz əksini tapıb. Eyni zamanda prezidentlərimiz bütün bölgə ölkələrini əhatə edən “3+3” əməkdaşlıq formatını təklif etdilər. Əfsus ki, Ermənistanla yanaşı, İran da Zəngəzur dəhlizinin açılmasına qarşıdır və rəsmi Tehranın hədələri başadüşülən deyil. Bu yersiz qorxunun səbəbi nədir?

– İranı həqiqətən başa düşmək çox çətindir. İranın 30 ilə yaxın işğal dövründə Ermənistan dövlətini yaşatmaq üçün lazım olan hər şeyi etməsi heç kimə sirr deyil. Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı zəfər İranı narahat edir. Çünki Azərbaycan özünün İranla olan sərhədini tamamilə işğaldan qurtardı və onun manevr qabiliyyəti azaldı. Əslində, “3+3” hər kəsin işinə yaracaq bir formatdır. Buna qarşı çıxmaq yanlışdır. Biz İranı dost və qonşu ölkə kimi qəbul edirik. Dünyanın qarşı olmasına baxmayaraq, Türkiyə İranın yanında idi və embarqolara qoşulmadı. Rəsmi Tehran bunları unutmasın. Bizim yanımızda olan hər zaman qazanır. Ayağımızın altını qazanlar isə məqamı yetişəndə bunun cavabını verməli olurlar.

Zəngəzur dəhlizinin açılması hər kəsin işinə yarayacaq. Üçtərəfli bəyanatda açıq şəkildə Naxçıvanla Azərbaycanın əsas hissəsi arasında kommunikasiyaların açılması təsbit olunub. Bu yol hardan açılacaq? Əlbəttə ki, Zəngəzurdan. Ona görə İran öz işi ilə məşğul olsun.

– Türkiyə Ukrayna müharibəsinin əvvəlindən tərəflər arasında balanslı siyasət apardı və vasitəçi kimi də bir sıra mühüm uğurlara imza atdı. Sizcə, Türkiyənin sülh missiyası uğurla nəticələnəcəkmi?

– Türkiyə ən başdan müharibənin sülhlə nəticələnməsi üçün çalışan yeganə dövlətdir. İki ölkə də bizim qonşumuzdur. Digər vasitəçilərə nəzər yetirək. Onlar silah satır və nəticədə Ukraynanı qurban verirlər. Bu gün Ukraynada xalq ölümlə qarşı-qarşıya qalıb, 5 milyon insan evini tərk edib. Türkiyə iki tərəfin də güvəndiyi, onlarla danışa bilən tək dövlətdir. Çünki digər dövlətlər yumruqlarını sıxıblar. Yumruq tutan əli isə sıxa bilməzsən. Dövlətimiz Antalya Diplomatiya Forumu çərçivəsində xarici işlər nazirlərinin, İstanbulda isə heyətlərin görüşünü təşkil etdi. Taxıl dəhlizinin açılmasına, əsirlərin dəyişdirilməsinə nail oldu. İndi ölkəmizə təzyiqlər var. Lakin Türkiyə heç vaxt balanslı siyasətindən imtina etməyəcək. Baxın, ən son referendumla dörd Ukrayna bölgəsi Rusiyaya birləşdirildi. Lakin Türkiyə ən başdan nə Krımı, nə də indiki referendumun nəticələrini tanıdı. Rusiya dost ölkədir, ancaq beynəlxalq hüququ da gözardı edə bilmərik. Yəni Ukrayna məsələsində heç kim bizdə nöqsan tapa bilməz. Biz Atatürkün “Yurdda sülh, cahanda sülh” şüarına uyğun hərəkət edirik. Nəticə nə olursa olsun, bu mövqeyimiz heç vaxt dəyişməyəcək.

– ABŞ və Fransa Türkiyəyə qarşı Suriyada terror təşkilatlarına dəstək verir, Yunanıstanı, Cənubi Kipri silahlandırır. Məqsəd nədir?

– ABŞ-ın Türkiyəyə qarşı mövqeyini anlamaq mümkün deyil. Ölkəmiz NATO-nun ikinci hərbi gücüdür və missiyaları ən yaxşı formada yerinə yetirir. Yunanıstan adını çəkdiyiniz dövlətləri arxasına alaraq beynəlxalq anlaşmalara görə, silahsızlandırılmalı olan adaları silahlandırır və müxtəlif vasitələrlə ölkəmizi təhrik edir. NATO üzvü olan ölkələrdən bizə qarşı bu fəaliyyətləri qəbul etmək mümkün deyil. ABŞ və Fransanın Suriyada nə işi var? Orada terror təşkilatlarına mini dövlət qurmağa çalışırlar. Fransanın hər zaman olduğu kimi, bu gün də aranı qarışdırmaq üçün göstərdiyi fəaliyyətin də fərqindəyik. Fransa hər şeydən öncə son 30 ildə Qarabağ münaqişənin niyə həll olunmadığının hesabatını verməlidir.

Teqlər: