Zelenski Rusiya ilə danışıqları zəruri adlandırıb

Ukrayna Prezidenti Volodimir Zelensku Rusiya Federasiyası ilə
danışıqları zəruri adlandırıb.

Trend xəbər verir ki, V.Zelenski bunu “Habertürk” telekanalına
müsahibəsi zamanı deyib.

“Rusiya Federasiyası ilə gördüklərimizdən sonra danışıqlar üçün
böyük istək yoxdur”, – deyə Ukrayna Prezidenti bildirib.

Eyni zamanda, o, vurğulayıb ki, istəkdən asılı olmayaraq, “insanların həyatını mümkün qədər xilas etmək üçün hər gün addımlar
atılmalıdır”.

“İstənilən halda biz danışıqlar prosesi üçün kiçik də olsa
imkanlar tapmalıyıq. Bunsuz, düşünürəm ki, müharibəni bitirmək
çətindir”, – deyə V.Zelenski bildirib.

Bu kontekstdə Ukrayna dövlət başçısı müəyyən liderlərin, o
cümlədən Türkiyənin vasitəçilik missiyasının vacibliyini qeyd
edib.

“Görüş İstanbulda keçirilə bilər. Düşünürəm ki, haradan
başladığımız deyil, necə bitirdiyimiz önəmlidir. Burada mən
prezident kimi kifayət qədər praqmatik olacağam və olmalıyam.
Razılığa gəlməli olduğumuz şeylər var”, – deyə V.Zelenski Vladimir
Putinlə İstanbulda keçirilməsi ehtimal edilən görüş barədə suala
cavabında bildirib.