“Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir keçirilib (FOTO/VİDEO)

Azərbaycan Respublikası Prezidentinin “Cəmşid Naxçıvanski adına hərbi liseyin 50 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələn vəzifələrin icrası ilə bağlı Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planı uğurla yerinə yetirilməkdədir.

Sərəncamda qeyd edilir ki, Ulu Öndərin daim qayğı ilə yanaşdığı və xüsusi diqqət yetirdiyi bu tədris ocağı ötən müddət ərzində respublikamızda milli peşəkar hərbçi kadrların hazırlanması sahəsində müstəsna xidmətlər göstərmiş, cəmiyyətdə hərbi peşənin nüfuzunun yüksəlməsində və taleyini hərb sənətinə həsr edən gənclərin sayının davamlı artmasında əhəmiyyətli rol oynamışdır. Liseyin yetirmələri müstəqil Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması və möhkəmləndirilməsi işinə dəyərli töhfələr vermiş, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda döyüşlərdə həmişə ön cəbhədə yer almışlar. Onlar böyük rəşadət nümayiş etdirərək “Vətən Müharibəsi Qəhrəmanı” və “Azərbaycanın Milli Qəhrəmanı” adlarına layiq görülmüş, orden və medallarla təltif olunmuşlar. Hərbi liseyin məzunları Vətən qarşısında vəzifə borclarını bu gün də şərəflə yerinə yetirirlər. Hazırda Silahlı Qüvvələrimizdəki zabitlərin əksəriyyəti məhz Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarıdır.

Tarix göstərir ki, ümummilli lider Heydər Əliyevin 50 il öncə yaratdığı indiki Cəmşid Naxçıvanski adına hərbi lisey, eləcə də onun Naxçıvan filialının bazasında yaradılan Heydər Əliyev adına hərbi lisey olmasaydı, bugünkü qalib Azərbaycan Ordusu haqqında danışmağa dəyməzdi. Bu gün Azərbaycan Ordusunun, o cümlədən konstitusiyada nəzərdə tutulan digər güc strukturlarının sıralarında xalqımızın haqlı olaraq “Heydər Əliyev Məktəbi” adlandırdığı bu təhsil ocağının yüzlərlə, minlərlə yetirməsi vardır. Onlar Azərbaycanın erməni işğalçılarının təxribatlarına qarşı başladığı Vətən müharibəsinin ilk günündən son Qələbə atəşlərinədək respublikamızın ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın işğaldan azad edilməsi uğrunda hərbi əməliyyatlarda fəal iştirak edib, şanlı Zəfər salnaməmizə parlaq səhifələr yazıblar.

Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Vətən müharibəsində şəhadətləri ilə tarix yazan, adları tarixə yazılan qəhrəman “Naxçıvanskilərdən” biri də kapitan Ceyhun Aydın oğlu Həsənovdur. Yaşasaydı oktyabrın 29-da onun 36 yaşı tamam olacaqdı. Lakin şəhidliyinin birinci ildönümündən bir ay sonra vaxtilə yaşadığı Bakı şəhərinin Xətai rayonundakı Gəncə prospekti-50 ünvanında şəhidin ad günü təntənə ilə qeyd edilir.

Müdafiə Nazirliyi və Xətai rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti vətənpərvərlik tədbirində şəhidin ailə üzvləri, müharibə iştirakçıları, qazilər, təhsil aldığı xüsusi təyinatlı təhsil müəssisələrinin kursantları, Xətai rayon gəncləri və məktəblilər iştirak ediblər.

Əvvəlcə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət himni ifa olunub.
Mərasimi açıq elan etməzdən öncə polkovnik Abdulla Qurbani tədbir iştirakçılarını Müdafiə Nazirliyinin rəhbərliyi adından salamlayaraq deyib: “29 oktyabr günü qardaş Türkiyənin təqvimində Türkiyə Respublikasının milli bayramı – Respublika günüdür. Bu münasibətlə oktyabrın 28-də dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident Rəcəb Tayyib Ərdoğana ünvanladığı təbrik məktubunda vurğulayıb ki, xalqımızın ortaq tarixi və milli–mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir…

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən cənab Ərdoğanın, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq. Biz də bu gün Türk qardaşlarımızı bu əlamətdar gün münasibətilə ürəkdən təbrik edir və tədbirimizə başlayırıq”.

Sonra polkovnik A.Qurbani Cəmşid Naxçıvanski adına hərbi liseyin məzunlarının, həmçinin kapitan Ceyhun Həsənovun Vətən müharibəsində göstərdikləri şəxsi igidlik, mərdlik və əfsanəvi qəhrəmanlıqlardan danışıb.

Nəzərə çatdırılıb ki, Hərbi Hava Qüvvələri komandanının Aviasiya üzrə müavini – Aviasiya rəisi general-mayor Namiq İslamzadə, briqada komandiri polkovnik Nizami Mövlanov, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Hava Qüvvələri fakültəsinin Uçuş fənləri silsiləsinin rəisi polkovnik Zaur Nudirəliyev, hərbi hissə komandiri polkovnik-leytenant Anar Əliyev, xüsusi təyinatlı taborun əməliyyat zabiti mayor Zaur Hüseynov, qrup komandirinin müavini baş leytenant Adil İbrahimli və digər hərbi qulluqçularla yanaşı, mexanikləşdirilmiş (BMP-1) bölük komandiri kapitan Ceyhun Həsənov da Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi qəhrəmanlıq nümunəsinə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümayiş etdirdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.

Bildirilib ki, kapitan Ceyhun Həsənov 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 2004-cü ildə Cəmşid Naxçıvanski adına hərbi liseyi, 2008-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Quru Qoşunları fakültəsini və Silahlı Qüvvələrin “Zabit ixtisas kursu”nu müvəffəqiyyətlə bitirib. İstər Naxçıvan Muxtar Respublikasındakı Əlahiddə Ümumqoşun Orduda, istərsə də Füzuli-Xocavənd bölgəsində xidmət edərkən komandanlıq tərəfindən qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib.


Gənc leytenant motoatıcı taqım komandiri vəzifəsindən bölük komandiri və “kapitan” hərbi rütbəsinədək yüksəlib.

Vətən müharibəsinin ilk günündən komandiri olduğu mexanikləşdirilmiş bölüyün şəxsi heyəti ilə birlikdə Füzuli rayonu istiqamətində döyüş meydanına atılıb və qəhrəmancasına şəhid olub. 2020-ci il oktyabrın 29-da Bakıda böyük izdihamın iştirakı ilə İkinci Şəhidlər xiyabanında son mənzilə yola salınıb. Özündən sonra iki oğul övladı yadigar qalan şəhid zabitin xidmətləri yüksək qiymətləndirilib. Bir çox döyüş medallarına layiq görülüb.
Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev digər rayonlarda olduğu kimi, Xətai rayonunda da Vətən müharibəsi şəhidlərinin xatirəsinin əziz tutulduğunu, onların valideynlərinin, ailə üzvlərinin daim diqqətdə saxlanıldığını, gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyə edilməsi, orduya hazırlanması işinin prioritet olduğunu vurğulayıb və bu işin bundan sonra da uğurla davam etdiriləcəyini deyib.

Yeni Azərbaycan Partiyası Xətai rayon Təşkilatının sədri, siyasi elmlər dokturu, Əməkdar jurnalist Vüqar Rəhimzadə Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin əhəmiyyətindən, qazanılan qələbənin xalqımızın birliyinin, həmrəyliyinin, dövlətimizin iqtisadi gücünün, ordumuzun əsgər və zabitlərinin rəşadətinin, dövlətimizin başçısının qətiyyətinin, sərkərdə məharətinin, hücum diplomatiyasının və Müzəffər Ali Baş Komandanın dəmir yumruğunun qələbəsi olduğunu iftixar hissi ilə qeyd edib, şəhid valideynlərinə Vətənə mərd, mübariz, igid oğullar bəxş etdikləri üçün minnətdarlığını bildirib.

Müharibə qazisi Anar Məmmədov ehtiyatda olan hərbi qulluqçuların, eləcə də qazilərin bu gün yenə də Müzəffər Ali Baş Komandanın əmrlərinə hazır olduqlarını bəyan edib.
Şəhid Ceyhun Həsənovun vaxtilə təhsil aldığı Cəmşid Naxçıvanski adına hərbi liseyin kursantı Nağı Nağıyev və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantı Tuqay Sadıqov çıxış edərək şəhidlərimizin, qazilərimizin və bütün müharibə iştirakçılarının qəhrəmanlıq ənənələrini layiqincə davam etdirməyə söz veriblər.

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Əməkdar artist, Prezident mükafatçısı Cahangir Qurbanov, Nigar Rəhimova və Mətləb Ağayevin ifa etdikləri Zəfər nəğmələri və vətənpərvərlik mahnıları tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

Xətai rayon 157 saylı tam orta məktəbin şagirdləri ədəbi-bədii kompozisiya ilə məktəblərinin yetirməsi olan Vətən Müharibəsi Qəhrəmanı kapitan Ceyhun Həsənovun ad gününü təbrik ediblər.

Şəhid atası Aydın Həsənov göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə, Birinci xanım Mehriban Əliyevaya, Müdafiə Nazirliyinin və Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Hərbi Dəniz Qüvvələrinin orkestrinin ifa etdiyi “Qələbə marşı” və məşhur “Mehtər marşı”nın sədaları altında “Zəfər yolunun qəhrəmanları” silsiləsindən növbəti tədbir başa çatıb.

Teqlər: