Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində və Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan bir qrup kursantın iştirakı ilə Zəfər Günü münasibətilə vebinar keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Azərbaycan Respublikasının Koreya Respublikasındakı səfirliyinin dəstəyi ilə “Zoom” platforması üzәrindәn keçirilən vebinarda kursantlara hər iki ölkənin ordularının hərbi təhsil sistemi, təhsil müəssisələinin yaranma tarixi, təlim-tədris prosesi və fəaliyyətlərinə dair ətraflı məlumat verilib.
Koreya Respublikasının Hərbi Dəniz Qüvvələrinin Ali Hərbi Məktəbində təhsil alan azərbaycanlı kursant Əhmədağa Məmmədov 44 günlük Vətən müharibəsində həmvətənlərimizin Azərbaycan və azərbaycançılıq ideyaları ətrafında sıx birləşməsi mövzusunda məruzə ilə çıxış edib.
Vebinarda düşmən təxribatlarına cavab olaraq Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın başladığı haqq savaşı və “Dəmir yumruq” əməliyyatı barədə danışılıb. Vətən müharibəsinin ilk günlərindən Azərbaycan Ordusunun şəxsi heyətinin, o cümlədən hərbi məktəbin məzunlarının verilən tapşırıqları uğurla yerinə yetirməsindən, ümumilikdə hərbi qulluqçularımızın göstərdikləri qəhrəmanlıq, şücaət, mərdlik və igidlik nümunələri ilə Zəfər salnaməmizə parlaq səhifələr yazmasından bəhs olunub.
Vebinar panel müzakirələrlə yekunlaşıb.