Ordunun mənəvi-psixoloji hazırlığı müharibədə sözünü dedi – Abdulla Qurbani (MÜSAHİBƏ)

Xəbər - Samir Əli – Trend:

Azərbaycan tarixi qələbəsini qeyd edir. Senyabrın 27-də erməni silahlı birləşmələrinin cəbhə xəttində törətdiyi mütəmadi təxribatlara cavab olaraq Azərbaycan Silahlı Qüvvələri əks-hücum əməliyyatına başladı.

44 günlük Vətən Müharibəsində xalq-iqtidar-ordu birliyi düşməni dizüstə çökdürdü. Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində Azərbaycan xalqı Dəmir yumruq kimi birləşərək ermənilərin məğlubedilməzlik mifini qırdı və bütün dünyaya öz gücünü göstərdi. Bu gün bütün dünya Azərbaycan oğullarının, Azərbaycan əsgərinin qəhrəmanlığından bəhs edir.

44 günlük müharibədə ilk gündən iştirak edən Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbani AzerTimes-a müsahibəsində Vətən Müharibəsində şahidi olduğu hadisələrdən, Azərbaycanın tarixi Zəfərindən danışıb.

– Abdulla müəllim, 44 günlük Vətən Müharibəsində tarixi qələbənin birinci ildönümüdür. Bu müharibə haqqında təssüratlarınız necədir?

– Ötən il 27 sentyabr günü səbri tükənmiş Azərbaycan bir yumruğa döndü. Bir məqsəd, bir amal uğrunda birləşdi.

27 sentyabra gedən yol 2016-cı ilin aprel döyüşlərindən, 2020-ci ilin Tovuz döyüşlərindən başlayırdı. Ermənilərin dalbadal təxribatları Azərbaycanı sonradan cavab verməyə vadar etdi. Azərbaycan Prezidenti Azərbaycan dövlətinin, xalqının və ordusunun gücünü bilirdi. Hamı bilirdi ki, son illərdə Azərbaycan iqtisadiyyatı güclənib, ordu quruculuğunda əsaslı inkişaf var, yeni hərbi texnikalar, silah-sursatlar alınmışdı, Azərbaycanda silah və hərbi texnika istehsalı artmışdı.

Tovuz döyüşlərində də düşmən bir daha gücümüzü gördü. Şəhidlər versək də, ermənilər bir addım da irəliləyə bilmədilər.

Nəhayət, ermənilərin növbəti təxribatlarından sonra sentyabrın 27-də Azərbaycan bütün cəbhəboyu ərazilərdə əks-hücumlara başladı. Azərbaycan Ordusu ərazi bütövlüyümüzün bərpa edilməsi və işğal edilən ərazilərimizin düşməndən təmizlənməsi əməliyyatlarına başladı. Müharibə xüsusi taktika ilə həyata keçirildi. Ermənistan bir mif yaratmışdı ki, guya onların keçilməz “ohanyan səddi” var. Amma Azərbaycan Ordusu ermənilərin bu mifini qısa müddətdə məhv etdi. Olmayan gücündən, texnikasından, “vətənpərvərliyindən” danışan ermənilər sonradan öz yalanlarına boğuldu. Azərbaycan Ordusunun gücünü görən ermənilər silah-sursatları ilə yanaşı, əsgərlərinin meyitlərini də qoyub qaçmağa başladılar.

Çünki Azərbaycan əsgəri böyük vətənpərvərliklə, inamla silaha sarılmışdı. Azərbaycan əsgəri bilirdi ki, o torpaqlarımızı azad edəndə onun ailəsi diqqətdə saxlanılır. Buna güvənən əsgər yalnız irəli atılır, torpaqlarımızı azad edirdi.

Bir fakt deyim. 44 günlük müharibədə cəbhəboyu Azərbaycan tərəfdə də, ermənilər tərəfdə də polis koridoru var idi.

Amma fərq bilirsiniz nədə idi? Azərbaycan tərəfdə olan polis koridoru mülki vətəndaşların döyüşə atılmasına mane olurdu, bildirirdi ki, Azərbaycan Ordusunda əsgər kifayət qədərdir.

Amma Ermənistandakı polis koridoru cəbhədən silah sursatını atıb qaçan əsgərlərin qarşısını kəsirdi. Fərqimiz bu idi. Bizim mülki əhali də əsgərə yardım üçün döyüşə atılırdı, amma onların hərbçiləri qaçırdı.

Erməni əsgəri bilirdi ki, Qarabağ Azərbaycan torpaqlarıdır və ona görə də döyüşmək, ölmək istəmirdi. Amma Azərbaycan əsgəri öz torpaqlarını azad edirdi. Hətta birinci Qarabağ müharibəsi veteranları, gənc, hərbi xidmət yaşı tamam olmayan vətəndaşlarımız da döyüşə qatılmaq istəyirdi. Azərbaycan polisi isə onların qarşısını alırdı.

Nəticə göz qabağındadır. Bir il olacaq ki, müharibə bitib, amma hələ də dağlarda, yamaclarda, meşəlik ərazilərdə erməni hərbçilərinin meyitləri tapılır.

Bu qələbə Azərbaycan xalqının həmrəyliyinin, müstəqil Azərbaycanın iqtisadi gücünün, Azərbaycan oğullarının qəhrəmanlığının, qorxmazlığının, rəşadətinin və mərdliyinin qələbəsi idi.

Bundan sonra yüzillərlə bütün dünya Azərbaycan qəhrəmanlarından, onun gücündən danışacaq.

– Bu müharibədə Azərbaycan ərazisində yaşayan bütün millətlərin nümayəndələri bir yumruq kimi birləşərək iştirak etdi.

– Bəli, ilk gündən müharibə başa çatana qədər, qələbə qazandığımız günə qədər bütün döyüşlərdə olmuşam. Hərbi hissələrdə, səngərlərdə eşitmədim ki, kimsə kimdənsə soruşa ki, sən ləzgisən, talışsan, udinsən, avarsan. Eşitmədim.

Vətən Müharibəsində elə qəhrəmanlıqlar oldu ki, bu qəhrəmanlıqlar yüzillərlə yaddaşlarda qalacaq. Bu qəhərmanlıqlar cildlərlə kitablara sığmaz. Çünki bu müharibədə əsgərlərimizin döyüş ruhu, vətənpərvərlik hissi çox yüksək idi. Orduda aparılan ideoloji iş, mənəvi psixoloji hazırlıq bu müharibədə sözünü dedi.

Əsgər nəyin uğrunda, necə vuruşduğunu anlayırdı. Bu, əsgərlərdəki vətənpərvərliyi daha da artırırdı. Əgər əsgərdə vətənpərvərlik olmasa, ona dünyanın ən müasir silahını versən, uduzacaq.

– 44 günlük Vətən Müharibəsində arxa cəbhədəki vətəndaşlar da əsgərə həm dayanmadan yardım edirdilər. Sizcə, bu hadisələr əsgərin vətənpərvərlik hissinə necə təsir edirdi?

-Azərbaycan əsgəri hiss edəndə ki, vətəndaşlar onlara yardım etməyə cəhd edir, o əsgər daha da ürəklənirdi. Azərbaycan əsgəri ölümün üzərinə elə gedirdi ki, o ölümü öldürürdü. Əsgər ölümün üzərinə gülə-gülə gedirdi.

Heç yadımdan çıxmaz, Xocavəndin azad olunması uğrunda döyüşlər gedirdi. İmişli rayonundan maşın-maşın ərzaqlar, ev yeməkləri gətirmişdilər. Ərzaqları boşaldanda əsgərin biri kövrəldi ki, anamın bişirdiyi “peraşki”ni istədim. Sürücü bunu eşitdi və təxminən bir saatdan sonra həmin əraziyə daha bir maşın gəldi. Məlum oldu ki, əsgərlərə 1000 ədəd “peraşki” göndəriblər. Hamımızın gözü doldu. Demək əsgər hiss elədi ki, bir kəlmə sözü ilə İmişli rayonundan Xocavənd rayonuna maşın sürüblər, əsgərin istəyini dərhal yerinə yetiriblər. Belə olan halda əsgər ruhdan düşərmi? Əlbəttə ki, həmin əsgərin qarşısında heç bir düşmən tab gətirə bilməz.

Bilirsiniz necə idi vəziyyət? Bu döyüşlərdə ordu xalqla, xalq da ordu ilə nəfəs alırdı. Xalq arxamızda dayaq kimi dayanmışdı. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi, dünyanın əksər telekanallarından gələn öyrədilmiş jurnalistlərə sərrast və düşünülmüş cavabları əsgərləri daha da ruhlandırırdı. Cənab Prezidentin müsahibələrini yazırdıq, vaxt tapan kimi əsgərlərə göstərirdik, nümayiş etdirirdik. Xalq da, ordu da hiss edirdi ki, Ali Baş Komandan dünyanın qarşısında bir ordu kimi dayanıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəhər və rayon təşkilatlarının qarşısında izdiham var idi, əli silah tutan hər kəs könüllü olaraq orduya yazılırdı, döyüşə getmək istəyirdi.

Bu prosesdə kütləvi informasiya vasitələrinin fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Azərbaycanın media qurumları düşmən təxribatlarına uymadı, yalnız rəsmi və əsaslandırılmış informasiyalar yaydı. Bax bu proseslər hamısı bizim qələbəmizə dəstək idi.

Əsgər valideynləri hətta o qədər məğrur idi ki, insan dəhşətə gəlirdi. Şəhid ataları, anaları övladları ilə fəxr edirdi.

Bir atanı çağırmışdılar hərbi hissəyə, oğlunun şəhid olduğu üçün. Bildirdi ki, onun o biri oğlu da hərbi xidmətdədir. Bir neçə saatdan sonra məlum oldu ki, atanın iki oğlunun ikisi də şəhid olub. Atanın orda “Vətən sağ olsun!” deməsi hərbi hissənin bütün şəxsi heyətini silkələdi.

Aprel döyüşlərinin qəhrəmanı, Milli Qəhrəman, polkovnik Şükür Həmidovun bu müharibədə qəhrəmanlıqları əsgərə xüsusi ruh yüksəkliyi verirdi. O hərbi hissə komandiri kimi döyüşlərdə əsgərdən qabaqda gedirdi.

Müharibədən qabaq general Polad Həşimovun, polkovnik İlqar Mirzəyevin Tovuz döyüşlərindəki qəhrəmanlıqları, şəhid olmaları ruhumuzun, milli şüurumuzun oyanışına təkan verdi.

Mən birinci Qarabağ müharibəsində də sonacan iştirak etmişəm. Amma bu Vətən Müharibəsi tam başqa ruhda idi. Biz həmişə müharibəyə hazır idik. Amma istəmirdik ki, qan tökülsün. Azərbaycan problemin sülh yolu ilə həllini istəyirdi. Ermənistanın sülh danışıqlarından qaçması, dalbadal təxribatlar törətməsi müharibəni reallaşdırdı. Ermənilər özləri də bilirdilər ki, Azərbaycan torpaqlarını azad edəcək və buna qadirdir. Ermənilər bilirdilər ki, problemin həll olunmaması onları uçuruma aparır. Amma Ermənistanın hərbi siyasi xuntası ölkəni uçuruma aparmaqdan çəkinmirdi. Azərbaycanın Dəmir Yumruq kimi birləşməsi Ermənistana öz yerini göstərdi.

-Abdulla müəllim, ölkədə keçirilən 5 paradın aparıcısı və onlarla hərbi tədbirlərin təşkilatçısı olmusunuz. Ötən il keçirilən Zəfər paradının digər paradlardan nə ilə fərqlənirdi.

-Bütün tədbirlərimiz, paradlarımız möhtəşəm olub. Amma Zəfər paradı tam başqa hiss idi. Hər bir paradın öz tarixi əhəmiyyəti var. Zəfər paradının aparıcısı olanda sanki dünyanın ən xoşbəxti idim. O günü hissi etdiklərimi təsvir edə bilmirəm. Zəfər paradında dəfələrlə sevincdən qəhərləndim. O gün tam başqa idi.

Teqlər: