Azərbaycan efirlərində mədəniyyətsizlik bir deyil, iki deyil. Elə bu cür ədəbsizliyin çoxluğuna görə ziyalıların böyük kəsimi Azərbaycan kanallarını izləmir. Şəxsən mən bu tip verilişlərə baxmıram. Musiqiçi dəvət olunur, gözəl ifalar səsləndirilir. Lakin üslub imkan vermir ki, onları normal səviyyədə dinləyək.
Bu sözləri AzerTimes-a açıqlamasında Zaur Kamalın efirdə güneyli müğənni Afşin Azərini kobud şəkildə qovması və ümumi efir mədəniyyəti haqda danışan deputat Fazil Mustafa deyib.
Millət vəkili bildirib ki, bu, aparıcının deyil, o cür mənasız verilişə baxanların günahıdır:
“Azərbaycan cəmiyyətində əksəriyyət mənasız, səviyyəsiz verilişlərə baxır, orda görünənləri “sevir”. Siz sosial şəbəkələrdə etiraz edənlərə baxmayın. Böyük əksəriyyət televizoru açır, səhər-axşam o tip verilişləri izləyir. Tələb olmasa, belələri efirdə veriliş apara bilməz. Ona görə də bunun günahı nə aparıcıda, nə rəhbərdədir. Birbaşa günah Azərbaycan cəmiyyətindədir!
Cəmiyyətin təhsil səviyyəsi aşağı olanda, dünyagörüşü olmayanda, düşüncə sistemi çökəndə, belələri meydanı ələ alır”.