Zaqatalada 4 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulur (FOTO/VİDEO)

Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun
156 km-dən ayrılan Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil
yolunun inşası “İnvestisiya Proqramı”na uyğun olaraq Azərbaycan
Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yüksək keyfiyyətlə
aparılır.

Agentlikdən AzerTimes-a verilən
məlumata görə, əsasən çınqıl və qara örtüklü olan yolda xüsusən
payız-qış aylarında istər avtonəqəliyyat vasitələrinin, istərsə də
vətəndaşların hərəkətində bir sıra problemlər yaşanırdı.

22.3 km uzunluğu olan sözügedən avtomobil yolu 2 hərəkət zolaqlı
olmaqla 4-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun
hərəkət hissəsinin eni 6 metr olmaqla yol yatağının eni 10 metr
təşkil edir.

Hazırda layihə çərçivəsində torpaq işləri yerinə yetirilir, yol
yatağının yararsız qruntu qazılaraq çıxarılır, müxtəlif həcmdə yol
yatağının genişləndirilməsi işləri icra olunur, yeni yol yatağı
inşasına hazırlıq aparılır.

Aparılan işlər çərçivəsində yolboyu suların ötürülməsini təmin
etmək məqsədilə müxtəlif ölçülü 130 suötürücü borunun təmiri,
zəruri yerlərdə yenilənməsi də icra olunacaq. Bununla yanaşı layihə
üzrə yolun əhatə etdiyi yaşayış məntəqələrinin daxilindən keçən və
ümumi uzunluğu 970 metr olan su arxlarının bərpası da nəzərdə
tutulub.

Layihənin sonuncu mərhələsində yol nişanları, avtobus
dayanacaqları quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərin
çəkilməsi işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin
nəzarəti altında “İnşaat Norma və Qaydaları”na əsasən texnoloji
ardıcıllıqla aparılan tikinti işləri yolboyu yerləşən 4 yaşayış
məntəqəsinin 16 min nəfər əhalisinin əsasən qış aylarında
gediş-gəlişlə bağlı yaşadıqları problemi sona çatdıracaq.

Əliabad-Bəhmətli-Kürdəmir-Lahıc avtomobil yolunun müasir
səviyyədə yenidən qurulması ilə Yevlax-Zaqatala-Gürcüstan
Respublikası ilə dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə
olunacaq, yük və sərnişin daşıması xeyli yaxşılaşacaq, yetişdirilən
məhsulların rahat şəkildə bazarlara daşınmasına imkan yaranacaq. Bu
isə yolboyu yaşayan əhalinin sosial rifahının yüksəlməsinə birbaşa
təsir edən kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

Teqlər: