Mayın 7-də Müdafiə naziri general-polkovnik Zakir Həsənovun
rəhbərliyi ilə xidməti müşavirə keçirilib.
Müdafiə Nazirliyindən AzerTimes-a
verilən məlumata görə, müşavirəyə nazir müavinləri, qoşun növü
komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri,
həmçinin hərbi birlik komandirləri cəlb olunub.
Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı
Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu
qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına
çatdırıb.
Müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədindəki və Qarabağ
iqtisadi zonasındakı əməliyyat şəraiti geniş təhlil edilib,
bölmələrin maddi-texniki, mühəndis və digər döyüş təminatının
gücləndirilməsi, xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi və
şəxsi heyətin sayıqlığın artırılması barədə konkret tapşırıqlar
verilib.
General-polkovnik Z.Həsənov döyüş hazırlığı tədbirləri, təlim və
məşqlərin intensivliyinin artırılması ilə bağlı qoşun növü
komandanlarına göstərişlər verib, döyüş mövqelərinin və səngərlərin
möhkəmləndirilməsi, eləcə də təminat yollarının daim işlək
vəziyyətdə saxlanılması barədə müvafiq tapşırıqları çatdırıb.