Yunan-Roma güləşçilərimiz İstanbulda xatirə turnirinin ikinci günündə daha 3 medal qazanıblar

İstanbulda güləş üzrə Yaşar Doğu-Vehbi Əmrə-Hamit Kaplan reytinq
turniri davam edir.

AzerTimes-ın
məlumatına görə, ikinci yarış günündə – fevralın 25-də 72, 77 və 82
kiloqram çəki dərəcələrində çıxış edən yunan-Roma güləşçilərimiz
mübarizə aparıblar.

Yarışa dörddəbir finaldan start verən Ülvü Qənizadə (72 kq)
türkiyəli həmkarı ilə gərgin idman mübarizəsi şəraitində keçən
görüşdə minimal fərqlə uduzub.

Milli komandamızın üzvü Sənan Süleymanov (77 kq) ilk mərhələdə
hindistanlı rəqibinə heç bir şans tanımayıb. Avropa çempionumuz
dörddəbir finalda Qazaxıstan təmsilçisini yolundan kənarlaşdırıb.
Yarımfinalda Türkiyə pəhləvanı ilə qarşılaşmadan da qalib ayrılan
S.Süleymanov finala vəsiqə qazanıb. Güləşçimiz həlledici görüşdə
türkiyəli həmkarına minimal fərqlə uduzaraq gümüş medalı boynundan
asıb.

Rafiq Hüseynov (82 kq) da ilk görüşdə Hindistan təmsilçisini
çətinlik çəkmədən məğlub edib. Dünya və Avropa çempionumuz Türkiyə
idmançısını da üstələyərək yarımfinala yüksəlib. Ancaq finalın bir
addımlığında daha bir yerli idmançı ilə qarşılaşmada yenilib.
Təcrübəli pəhləvanımız qazaxıstanlı rəqibinə qalib gələrək bürünc
medala sahib çıxıb.

Mübarizəyə dörddəbir finaldan qoşulan Tuncay Vəzirzadə (82 kq)
türkiyəli rəqibinə qalib gəlib. Həmyerlimiz yarımfinalda Qazaxıstan
idmançısına uduzub. T.Vəzirzadə sonuncu qarşılaşmada Qazaxıstanın
digər təmsilçisindən güclü olmaqla üçüncü yeri tutub.

Qeyd edək ki, yarışın birinci günündə yunan-Roma
güləşçilərimizdən İslam Abbasov (87 kq) qızıl, Beka Kandelaki (130
kq) gümüş və Taleh Məmmədov (63 kq) isə bürünc medala sahib
olublar.

Teqlər: