Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə Avropa
çempionatına yekun vurulub.
Trend xəbər verir ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi
qitə birinciliyində tarixi uğura imza atıb. Baş məşqçi Aleksandr
Tarakanov, böyük məşqçi Rövşən Bayramov və məşqçi Həsən Əliyevin
rəhbərliyi altında 10 güləşçi ilə yarışda təmsil olunan
komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq),
Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad
Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq),
Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal
qazanıblar. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal
qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayev (97 kq) və Beka
Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə
ediblər.
Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda
hesabında Avropa çempionu olub. Türkiyə 150 xalla ikinci, Gürcüstan
isə 114 xalla üçüncü yeri tutublar. Həm medalların sayına, həm
əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi
tarixində yeni rekorda imza atıb.
Xatırladaq ki, bir neçə gün əvvəl sərbəst güləş millimiz də
komanda hesabında Avropa çempionu olmuşdu.