Aprelin 27-də “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının
əlaqələndirici şəxsləri ilə görüş keçirilib. “Yüksəliş”
müsabiqəsinin işçi qrupunun rəhbəri Gənclər və İdman nazirinin
müavini Fərhad Hacıyev qaliblərə təqdim olunan 1 illik özünüinkişaf
proqramının gedişatı ilə maraqlanıb. Görüşdə iştirak edən ötən ilin
“Yüksəliş” müsabiqəsinin qalibləri Güldənə Hidayətli və Orxan
Quliyev hazırda davam edən mentorluq proqramı barədə ətraflı
məlumat veriblər, təklif və təcrübələrini paylaşıblar.
Görüşdə “Yüksəliş” müsabiqəsi tərəfindən həyata keçirilən işlər
haqqında ümumi məlumat təqdim olunub. Həmçinin, qaliblər və
mentorlar arasında əlaqələrin gücləndirilməsi, o cümlədən, qarşıdan
gələn ikinci “Yüksəliş” müsabiqəsinin mentorluq proqramının
effektivliyini artırmaq istiqamətində fikir mübadiləsi
aparılıb.
Qeyd edək ki, “Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının
Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində
imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik
bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən
edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının
yaradılmasını təmin etmək məqsədilə təsis olunub.